İtaliyanın “Fiorentina” klubunun braziliyalı müdafiəçisi Dodo komandasını tərk etməyə hazırlaşır. Bir neçə Avropa nəhənginin diqqətində olan futbolçunun gələcək taleyi qış transfer pəncərəsində müəyyənləşə bilər.

Matc.az xəbər verir ki, “Barselona”, “Milan” və “Yuventus” 27 yaşlı sağ cinah müdafiəçisinin vəziyyətini izləyir. “Fiorentina”nın idman direktoru Fabio Paratiçi də futbolçunun gələcəkdə başqa komandada çıxış etmək istəyini təsdiqləyib.

Klub rəsmisinin sözlərinə görə, Florensiya təmsilçisi yay transfer pəncərəsində Dodo üçün sərfəli təklif gözləsə də, belə bir təklif almayıb. Buna görə də klubun yanvarda gələcək təklifləri nəzərdən keçirməsi mümkündür.

Braziliyalı müdafiəçinin “Fiorentina” ilə müqaviləsi 2027-ci ilin iyununda başa çatır. O, ötən yay müqavilənin uzadılması ilə bağlı təklifləri qəbul etməyib. Bu vəziyyət İtaliya klubunu futbolçunu gələn yay ödənişsiz itirmək riski ilə üz-üzə qoyur.

Dodo cari mövsümdə əsas heyətdəki yerini də itirib. O, bütün turnirlər üzrə cəmi dörd oyunda meydana çıxıb və ümumilikdə 166 dəqiqə oynayıb. Baş məşqçi Paolo Vanoli sağ cinah müdafiəsində daha çox Aleks Ximenesə üstünlük verir.

“Barselona” müdafiənin sağ cinahını gücləndirmək üçün alternativlər axtarır. “Milan” və “Yuventus” da braziliyalı futbolçunun transfer şərtlərini izləyən klublar sırasındadır.

Dodonun transferi ilə bağlı hələlik rəsmi razılaşma yoxdur. “Fiorentina” yanvarda uyğun təklif alarsa, futbolçunun mövsümün sonunadək komandadan ayrılması mümkündür. Əks halda, müdafiəçi müqaviləsinin başa çatmasından sonra azad agent kimi başqa kluba keçə bilər.

Mahir Axund

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest