"Liverpul", "Arsenal" və "Tottenhem" İtaliya millisinin və "Brentford"un sağ cinah müdafiəçisi Mikael Kayode ilə yaxından maraqlanır. Mersisaydlılar 22 yaşlı futbolçunu sözügedən mövqeni gücləndirmək üçün əsas namizədlərin siyahısına daxil ediblər.
Matc.az xəbər verir ki, bu barədə "Caught Offside" nəşri məlumat yayıb.
Bildirilir ki, hazırda "Brentford" Kayodenin transferi ilə bağlı rəsmi təklif almayıb və birbaşa danışıqlar hələ başlamayıb. Klub İtaliya millisinin müdafiəçisini qışda satmağa meylli deyil. "Brentford"un oyunçunun transferi üçün ən azı 60-65 milyon avro tələb edəcəyi gözlənilir.
Cari mövsümdə Kayode bütün turnirlərdə 7 matçda iştirak edib və 1 qolla yadda qalıb. Futbolçunun klubla hazırkı müqaviləsi 2032-ci ilin yayına kimidir. "Transfermarkt" portalında müdafiəçinin dəyəri 40 milyon avro təşkil edir.













