Liman işçilərinin rəqabətinə əsaslanan və İngiltərənin ən sərt derbiləri arasında göstərilən "Milluoll" – "Vest Hem" matçı 14 ildən sonra geri dönür.
Matc.az xəbər verir ki, Çempionşipdə oynanılacaq bu qarşılaşma, eyni zamanda əzəli rəqiblərin tarixdəki 100-cü rəsmi görüşü olacaq.
İki London komandası son olaraq 2012-ci ilin fevralında rəsmi matçda üz-üzə gəlib. Keçirilən 99 oyunda "Milluoll" 38, "Vest Hem" isə 34 qələbə qazanıb, 27 qarşılaşmada isə bərabərlik qeydə alınıb.
Komandalar arasındakı düşmənçiliyin kökləri XIX əsrin sonlarına, klubların yarandığı dövrə təsadüf edir. Hər iki klubun azarkeş bazasını Temza çayı ətrafındakı liman və tərsanələrdə çalışan işçilər təşkil edib.
Tərəflər arasında gərginliyin pik nöqtəsi isə 1926-cı ildəki ümumi liman işçilərinin tətili olub. Həmin vaxt "Milluoll" tərəfindəki işçilərin tətilə qoşulmaması çayın digər tərəfində böyük hiddət doğurub və bu sosial-iqtisadi rəqabət tribunalara daşınıb.
Tarix boyu azarkeş qrupları arasında bir çox qanlı hadisələrin və ölümlərin yaşandığı bu derbi müasir mədəniyyətə də təsir edib. Belə ki, 2005-ci ildə çəkilən məşhur "Green Street Hooligans" filmində də bu sərt rəqabətdən geniş istifadə olunub.
Qeyd edək ki, "Milluoll" – "Vest Hem" qarşılaşması bu gün Bakı vaxtı ilə saat 17:30-da start götürəcək.













