Qətərin "Əl-Sədd" klubu xorvatiyalı yarımmüdafiəçi Marselo Brozoviçin transferini rəsmən açıqlayıb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Oyunçu yeni komandasına azad agent statusu ilə keçib. Müqavilə bir mövsüm üçün – 2027-ci ilin iyununa qədər nəzərdə tutulub. Bundan əlavə, müqaviləyə klubun əməkdaşlığı daha 1 il uzada biləcəyi barədə bənd də daxil edilib.

Qeyd edək ki, Brozoviç peşəkar karyerasına Xorvatiyanın "Xrvatski Draqovolyats" komandasında başlayıb, 2011-ci ilin yayında oradan ayrılaraq Zaqrebin "Lokomotiv" klubuna keçib.

Sonradan yarımmüdafiəçi Zaqrebin "Dinamo" komandasının heyətində yer alıb və burada təxminən 3 mövsüm keçirərək 98 oyunda iştirak edib, aktivinə 13 qol və 15 məhsuldar ötürmə yazdırıb.

2015-ci ilin yanvarında xorvatiyalı futbolçunu icarə əsasında Milanın "İnter" klubu transfer edib və o, nəticədə "neradzurrilar"ın heyətində təxminən səkkiz il yarım çıxış edib. Bu müddət ərzində o, "İnter" forması ilə 330 oyun keçirib, 31 qol və 43 məhsuldar ötürmə ilə yadda qalıb.

Bundan başqa, İtaliya nəhənginin heyətində Brozoviç İtaliya çempionu olub, iki dəfə İtaliya Kubokunu və İtaliya Superkubokunu qazanıb.

Həmçinin 33 yaşlı xorvatiyalının aktivində milli komandanın heyətində 99 oyun var (7 qol və 7 məhsuldar ötürmə). O, komandası ilə birlikdə 2018-ci ildə Fransaya qarşı dünya çempionatının finalına (2:4) qədər yüksəlib və 2022-ci il mundialında Mərakeşə qarşı üçüncülük matçında (2:1) qələbə qazanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest