FİFA pul vəsaitlərindən sui-istifadə etdiklərinə görə Maldiv adaları və Montserrat futbol federasiyalarının keçmiş rəhbərlərini futboldan ömürlük uzaqlaşdırıb.

Matc.az xəbər verir ki, bu barədə "Reuters" nəşri məlumat yayıb.

Bildirilir ki, söhbət Maldiv adalarından olan məmur Bassam Adil Cəlil və Montserrat rəhbəri Vensan Kasseldən gedir.

Əvvəllər Cəlil koronavirus pandemiyası zamanı korrupsiya sxemlərində iştirakı ilə bağlı aparılan araşdırmalara görə vəzifəsindən uzaqlaşdırılmışdı. O, 1 milyon İsveçrə frankı (təxminən 1 225 507 dollar) məbləğində cərimə ödəməlidir.

Maldiv mediasının məlumatına görə, Cəlil FİFA tərəfindən ona ayrılan vəsaitlərin mənimsənilməsi işi üzrə 32 illik həbs cəzası çəkir. Qeyd olunur ki, o, bu vəsaitin bir hissəsini mənzil almağa xərcləyib.

Bundan başqa, Maldiv futbol qurumunun keçmiş maliyyə direktoru Mohamed Aqil də futboldan 10 il müddətinə uzaqlaşdırılıb və 100 min frank (təxminən 122 550 dollar) məbləğində cərimələnib.

Eyni zamanda, Montserrat Futbol Federasiyasının eks-prezidenti Vensan Kassel FİFA vəsaitlərindən əsassız istifadə və vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə görə futboldan ömürlük kənarlaşdırılıb. O da 1 milyon İsveçrə frankı məbləğində cərimələnib.

Montserrat futbol qurumunun keçmiş baş katibi Tandika Hyuz isə FİFA resursları ilə bağlı qanunsuz əməliyyatlara şərait yaratdığı üçün 15 il müddətinə diskvalifikasiya edilib və 150 000 İsveçrə frankı məbləğində cərimə olunub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest