Kilian Mbappe yekun 30 futbolçudan ibarət siyahıya düşərək iddiaçısı olduğu "Qızıl top-2026" mükafatı barədə fikirlərini bölüşüb.
Matc.az xəbər verir ki, bu barədə "Marca" idman nəşri məlumat yayıb.
Fransalı hücumçu qələbə şanslarını dəyərləndirib. O, ötən mövsümü yaxşı keçirdiyini və bu çıxışının ilin ən yaxşı oyunçusu səviyyəsinə tam uyğun gəldiyini hesab edir.
"Mən kimə səs verirəm? Özümə (gülür). Hesab edirəm ki, bu il "Qızıl top"u qazana bilərəm, ona görə də bu fikirdən daşınmamışam. Arqumentlərim var. Məsələn, mən bütün dövrlərin ən vacib turnirinin böyük əfsanələrini geridə qoyaraq, dünya çempionatları tarixinin ən yaxşı bombardiri oldum.
Yaxud da digər görkəmli oyunçuların çıxış etdiyi turnirlərdə ən yaxşı bombardir statusu… Bu, fərdi mükafatdır və qaliblərlə bağlı heç vaxt yekdillik olmayıb, buna görə də çoxları bunu qazana biləcəyini düşünür", – deyə Mbappe bildirib.
Qeyd edək ki, Kilian mundiallar tarixinin ən yaxşı bombardiri olub – onun hesabında 22 qol var ki, bunlardan 10-u DÇ-2026-nın payına düşür. Fransa millisinin heyətində o, İspaniyanın qalib gəldiyi turniri dördüncü sırada başa vurub.
Hücumçu ötən mövsüm "Real" ilə heç bir kubok qazanmayıb. Bununla belə, o, Çempionlar Liqasında və La Liqada ən yaxşı bombardir olub. Mbappe hələ heç vaxt "Qızıl top"u qazanmayıb.
Mükafatlandırma mərasimi oktyabrın 26-da Londonda keçiriləcək.













