"Tottenhem" klubu 20 yaşlı isveçli yarımmüdafiəçisi Lukas Berqvall ilə müqavilənin müddətini uzadıb.

Matc.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.

Oyunçu ilə bağlanan yeni sözləşmənin təfərrüatları açıqlanmır. Futbolçunun əvvəlki müqaviləsi 2031-ci ilin yayına qədər nəzərdə tutulmuşdu.

"Mən həm meydanda, həm də meydandan kənarda hər zaman maksimuma nail olmağa və özümün ən yaxşı tərəfimi göstərməyə çalışıram. Bilirəm ki, bura bunun üçün ən ideal yerdir.

Şəxsən mən qarşıma komandaya daha çox fayda vermək – keyfiyyətli oyun nümayiş etdirmək, qollar vurmaq və məhsuldar ötürmələr etməklə ona maksimum kömək olmaq məqsədini qoyuram. Mən hər gün məşqlərdə təkmilləşirəm və çox uğurlu olacağına əmin olduğum yeni mövsümü səbirsizliklə gözləyirəm", - deyə isveçli futbolçu müqavilə imzaladıqdan sonra fikirlərini bölüşüb.

Qeyd edək ki, Berqvall London kollektivinə 2024-cü ilin iyununda İsveçin "Yurqorden" klubundan transfer olunub. Bu müddət ərzində 20 yaşlı yarımmüdafiəçi klubun heyətində 80 matçda meydana çıxıb, 2 qol və 9 məhsuldar ötürmə ilə yaddaqalıb.

"Tottenhem"in heyətində Lukas 2024/25 mövsümündə Avropa Liqasının çempionu olub. "Transfermarkt" portalında onun hazırkı transfer dəyəri 35 milyon avro təşkil edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest