İngiltərəli hücumçu Olli Uotkins ən azı 2026/27 mövsümünün sonuna qədər "Aston Villa"da çıxış etməyə davam edəcək.
Matc.az xəbər verir ki, bu barədə The Athletic idman nəşri məlumat yayıb.
Bildirilir ki, "şirlər" digər klubların 30 yaşlı futbolçuya olan böyük marağına baxmayaraq, hücum xəttinin lideri ilə yollarını ayırmağı planlaşdırmırlar.
Uotkins klubun baş məşqçisi Unai Emerinin planlarına daxildir, bu səbəbdən klub rəhbərliyi İngiltərə millisinin hücumçusunu komandada saxlamaq üçün hər şeyi edəcək.
Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu artıq Ollini transfer etmək imkanlarını araşdırıb. Hətta ərəb klubunun komandadan ayrılacağı gözlənilən əfsanəvi fransalı Kərim Benzemanın əvəzləyicisi kimi Uotkinslə prinsipial razılıq əldə etdiyi də bildirilir.
İngiltərəli hücumçunun "Aston Villa" ilə hazırkı müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulub. "Transfermarkt" portalı oyunçunun dəyərini 25 milyon avro qiymətləndirir.
Xatırladaq ki, futbolçu 2020-ci ilin sentyabrında "Brentford"dan keçdiyi gündən bəri o, Birmingem təmsilçisinin heyətində 278 matçda meydana çıxıb, 108 qol və 47 məhsuldar ötürmə ilə yadda qalıb.













