"Olmayan mövzuları lazımsız ajiotaj edirik, bəzən futbolumuzu şouya çevirmək istəyirik".
"Bizim üçün xoş qalibiyyət oldu. Azarkeşlərimizin qarşısında çoxdandır ki, qələbə qazana bilmirdik. Bilirdik ki, onlar o qələbəni bizdən gözləyirdilər. Maraqlı və dinamik oyun oldu. Hər iki komanda uduzmaq istəmirdi. Oyun sürətli başladı. Birinci hissədə qol epizodları oldu. İkinci hissə yaxşı başlamadıq. Sonradan oyunun nəzarəti bizə keçdi. Layiqli qələbə qazandıq. Komandamızı təbrik edirəm. Gələcək oyunlara baxacağıq. Bu gün çempionatda ən maraqlı komandalardan birinə çevrilə bilmişik. "Kəpəz"in aqressiv gələcəyini bilirdik. Son pillələrdə gərgin mübarizə gedir. "Karvan-Yevlax" da bizimlə oyuna final kimi yanaşırdı. Bu da çempionatımıza rəng qatır".
Matc.az xəbər verir ki, bu sözləri "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 29-cu turunun "Kəpəz"lə oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını cavablandırıb:
- Mövsümün sonunda komandadan gedəcəyiniz bəllidir. Rəhbərlik yeni baş məşqçinin kim olması ilə bağlı sizdən məsləhət alıb?
- Xeyr, bu, rəhbərliyin qərarıdır. O barədə tam müzakirə də etməmişik. Çünki çempionat bitməyib. Həmişə komandada, rəhbərlikdə də fikir yaratmaq istəmirik. Futbolçular son oyuna qədər peşəkar yanaşmalıdır. Biz də beləyik. İndi bunu müzakirə etsək, bir az qeyri-peşəkarlıq olar.
- Elvin Cəfərquliyev əvəzedici heyətə göndərilib. Milli ilə bağlı durum sizi narahat edir?
- Milliyə namizəd futbolçuların hamısı məni narahat edir. Yaxşı durumda deyilik. Potensiallı futbolçularımız azdır. Biz də bunları itirə bilmərik. Hər klub sərbəstdir, hər klubun qərarları var. Tək burada Elvin yox, digər legionerlər var ki, oynamırlar klublarında. Bu dəqiqə yaxşı halda deyilik. Amma yayda vaxtımız olacaq. İnanıram ki, yeni mövsüm hamı üçün xeyirli olar.
- Qarşıda 4 tur qalıb. Futbolçular oyuna hansı motivasiya ilə çıxacaqlar?
- Çempionluğa və avrokuboklara oynayan klublar bu sözü desə, düz çıxmaz ki, hədəfimiz Premyer Liqada qalmaqdır. Digər 6 komanda var ki, ilk olaraq Premyer Liqada qalmalıdırlar. Bu da qaranti deyil. İki ildir sürprizlərlə doludur. Heç kim gözləmirdi ki, hansı komanda sonuncu yerdə olsun. Çünki bu, büdcəyə məsələ deyil. Bizim hədəfimiz iki ildir liqada qalmaqdır. Amma bu mövsüm hardasa istədik, kubokda irəlilədik. Püşkatma bizim üçün çətin idi. "Qarabağ"ı keçsəydik, "Sabah"la qarşılaşacaqdıq. Çempionatın bəzi vaxtları oldu ki, qalib gəlsəydik, dördlüyə çıxa bilərdik. "Araz-Naxçıvan"a evdə uduzduq. Qışdan daha rahatıq. Çempionat başlayandan düşmə zonasında olmamışıq. Özümüzə yaxın rəqiblərdən üstün olmuşuq. Bəzi şeylər var ki, görürsən büdcəyə bağlıdır. Avrokuboklara oynamaq istəyirsənsə, ayaqlaşmalısan. Bir oyunla çempionatı dəyərləndirməməliyik, ümumi baxmalıyıq. Ümumi baxsaq, futbolçulardan gözləntilərin daha yaxşısını verdilər.
- AFFA rəhbərliyi ilə söhbətinizdə hakimliklə bağlı müzakirələriniz olur?
- Cahangir müəllimlə söhbət edəndə, futbolun içindəki olan bütün mövzulara toxunuruq. Onlardan biridə hakimlikdir. Bu gün federasiya hakim səhvlərinin yüksəlməsinə, səhvlərin az olmasını çox istəyir. Amma realı demək lazımdır, burada klubların da, medianın da günahı var. Olmayan mövzuları lazımsız ajiotaj edirik, bəzən futbolumuzu şouya çevirmək istəyirik. Bir az Türkiyə Superliqasına baxıb, o hadisələrlə eyniləşdiririk. Belədə, gənc hakimlərimiz bəzən bu təzyiqi üzərindən ata bilmirlər. Səhvlər olur. Bizim başımıza gələn olaylar zamanı təcrübəli hakimlər deyil, gənclərdir. Hakimlərin də üzərinə ata bilmərik hər şeyi. Razıyam, çox kobud səhvlər oldu ki, klubların haqqına girildi. Bunu demək lazımdır. Amma bu da çıxış yolu deyil ki, hakimləri silək-ataq. Sabah hakim tapa bilməyəcəyik. Onların da üzərinə bu qədər getmək olmaz. Səhvləri aşkar müzakirə edəndə, hakimlər də qorxur. Uşaq futbolu, Premyer Liqa, I Liqa, hakimlər... Çempionatın səviyyəsini yüksəldiriksə, hakimliyin səviyyəsi qalxmasa, narazılıq çox olacaq.












