"Turan Tovuz" Misli Premyer Liqasının 27-ci turunda doğma meydanda "Sumqayıt"a 2:1 hesabı ilə qalib gəlib.
Matc.az xəbər verir ki, Tovuz təmsilçisinin baş məşqçisi Kurban Berdiyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Çox vacib qələbə idi. Futbolçularda ilk dəqiqələrdə həyəcan hiss olunurdu. Allah şükürlər olsun ki, qələbə qazandıq.
- Oyunun ikinci hissəsində həyəcan daha çox hiss edilirdi. İki qoldan sonra arxayınçılıq yarandı?
- 2:0-dan sonra çalışdıq ki, hesabı qoruyaq. Bir qol da buraxdıq. Şükürlər olsun ki, hesab 2:2 bitmədi.
- Meydançanın vəziyyəti necə idi?
- Çox yaxşı idi. Ümid edirik ki, həmişə belə qalacaq. Klubun prezidentinə təşəkkür edirik ki, belə şərait yaradılıb. Çünki süni meydanda oynamaq çox çətindir.
- Əliyar Ağayev bu oyuna təyinat alsaydı, etiraz edərdiniz?
- Nə etmək olar? Oynamaq lazımdır. Amma hakimlərdən heç kimi tanımıram.
- "Turan Tovuz" bu qələbə ilə "Qarabağ"a bir az da yaxınlaşdı. Artıq xal fərqi 4-ə enib. Bu onu göstərir ki, "Turan Tovuz" ikincilik uğrunda mübarizə aparır?
- Biz bu barədə bir neçə dəfə danışmışıq. Bizim üçün vacib olan növbəti görüşdür. Hər şey Allahın əlindədir. Vacib olan növbəti oyundur.
- "Turan Tovuz" avrokuboklara neçə faiz hazırdır?
- İndidən fikir bildirmək çətindir. Heyətin möhkənlənməsindən və kimlərlə möhkəmləməyindən asılıdır. İndidən danışırıq, amma hələ gedib ora çatmamışıq.
- "Turan Tovuz" avrokuboklara düşsə, ev oyunlarını Tovuzda oynamaq istəyərsiz?
- Əlbəttə. Tovuz bizim şəhərimizdir, bura bizim meydançamızdır. İstəyərdik.
- "Turan Tovuz"la müqaviləniz mövsümün sonunda bitir. Müqavilə müddətini artıracaqsız?
- Mən şərtlərdən razıyam. Amma qərarı klubun prezidenti verməlidir.












