"Napoli"nin prezidenti Aurelio De Laurentis klubu satın alması ilə bağlı xatirələrini bölüşüb.
Matc.az xəbər verir ki, o, klubunu satın aldıqdan sonra haradan başlayacağını belə bilmədiyini deyib.
"2004-cü ildə Los-Ancelesdə bir neçə məşhur aktyorla film çəkilişlərində idim. Bir vaxt 3 həftəlik yay tətilinə ehtiyacım olduğunu hiss etdim, ona görə də Kapriyə getdim.
Gələn kimi kimsə mənə qəzet verdi. Oxudum ki, kimsə "Napoli"ni 5 milyon avroya alır. "Napoli"ni almaq? Nə?" deyə təəccübləndim. Onlar cavab verdilər ki, "Napoli" artıq mövcud deyil, klub müflis olub". Sonra məndən onu almaq istəyib-istəmədiyimi soruşdular. Düşünmək üçün bir az vaxt istədim.
Müflisləşmədən sonra klub hərraca çıxarıldı. Oğlum Luici və həyat yoldaşım Jaklin şoka düşdülər: "Dəli olmusan? Futbol haqqında heç nə bilmirsən!" Amma mən iş adamıyam və bu, yeni, həyəcanlı bir macəra kimi görünürdü. Pul yatırdım, amma əslində yalnız bir kağız parçası almışdım: oyunçu yox idi, başqa heç nə yox idi. Haradan başlayacağımı belə bilmirdim.
Federasiya mənə A Seriyasında yox, C Seriyasında başlamalı olduğumu bildirdi. Beləliklə, İtaliyanın cənubunda uzun bir səyahət başladı. İlk addımlar olduqca çətin idi. Bəzən saatlarla soyunma otaqlarında gizlənməli olurdum - mühit çox aqressiv idi. "Napoli" əvvəllər heç vaxt C Seriyasında oynamamışdı. Bu, inanılmaz dərəcədə çətin idi, amma mənim üçün hər şey ən yaxşı film hissini oyadırdı.
A Seriayasına qayıtmaq 3 il çəkdi və biz bunu bacardıq. Mən böyük bir qürur hissi keçirdim. Tədricən futbolun incəliklərini mənimsədim və komanda uğur qazandı. Biz ardıcıl 15 il Avropa yarışlarında iştirak edən yeganə komanda olduq. Bu gün azarkeşlərlə münasibətimiz sadəcə fantastikdir", - deyə De Laurentis bildirib.
Qeyd edək ki, De Laurentis 2004-cü ildə iflasdan sonra klubu canlandırdı və 2006-cı ildə tarixi adını, "Società Sportiva Calcio Napoli"ni bərpa etdi. Onun rəhbərliyi altında Neapol klubu ilk A Seriyası çempionluğunu 2022-23 mövsümündə qazandı. De Laurentiisin rəhbərliyi altında "Napoli" həmçinin 3 dəfə İtaliya Kubokunu qazanıb. Eləcə də 2014 və 2025-ci illərdə İtaliya Superkubokunun sahibi olub.












