"Necə olur bu cür qələbələr qazanırsız? Futbolda belə nəticələr olur".
"Neftçi"ni təbrik edirəm. Oyunun gedişində bir neçə səhv buraxdıq. Nəticədə də uduzduq".
Matc.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Saşa İliç Misli Premyer Liqasının 26-cı turunun "Neftçi" (1:3) ilə görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını cavablandırıb.
- "Sumqayıt" artıq 10 matçdır ki, qalib gələ bilmir. İstefa haqda fikirləşirsiz?
- Bilirsiz, mənim haqqımda qərarları rəhbərlik verir. Hansısa problem yoxdur. Biz futbolçulara tapşırıqlarımızı veririk. Məsələn, Səbuhi Abdullazadəyə deyirik ki, meydançanın mərkəzində səhv etmək olmaz, ancaq bu, hər oyunda təkrarlanır.
- Sizinlə Səbuhi Abdullazadə arasında problem var?
- Xeyr, tək Səbuhi ilə bağlı problem yoxdur. Bu gün Səbuhi, sabah Masaka, ondan sonrakı gün Ninkoviç də də baş verə bilər. Bir nəfərə deyilirsə, digərləri də başa düşməlidir. Çünki "Neftçi" kimi komandalar bu cür səhvləri bağışlamır.
- Əslində, "Sumqayıt"ın "Kəpəz", "Qəbələ" və ya "Karvan-Yevlax"a qarşı matçlarda da yaxşı oynadığını demək olmaz. Nəyə görə belədir?
- "Kəpəz"ə qarşı oyunumuza baxmısız? Komandamın buraxdığı qolları izləmisiz?
- Bəs futbolçular səhv edirsə, o zaman baş məşqçinin buradakı rolu nədir?
- Premyer Liqada 4-5 komanda var ki, bizi səviyyə baxımından üstələyir. Buraxdığın səhvlər də nəticəyə birbaşa təsirini göstərir. Biz maksimumuza ötən ilin noyabrında çatmışdıq. Xatırlayıram, liqanın birinci yarısında heç kim sual vermirdi ki, necə olur bu cür qələbələr qazanırsız? Futbolda belə nəticələr olur. Maksimuma çatdıq və irəliləmək üçün addımlar lazım idi. Rəhbərliklə danışdıq, bəzi transferlər baş tutmadı. İndi isə gənclər özlərini göstərməlidir ki, yeni mövsüm əsas heyətdə olsunlar və ya başqa klublara keçə bilsinlər.
- Bunların hamısı aydındır. Siz özünüz baş məşqçi kimi nələri səhv etdiyinizi düşünürsüz?
- Mənim məsuliyyətimdə olan məsələ kollektiv matça hazırlamaq, buraxdığımız səhvlər üzərində işləməkdir. Futbolda hansı komanda səhv edir, o da uduzur. Ən böyük problem odur ki, biz asan səhvlərdən qollar buraxırıq. Halbuki məşqlərdə səhvlərimiz üzərində işləyirik. Lakin çıxırıq növbəti matça, yenə də həmin səhv... "Qarabağ" eyni heyətlə nə qədər irəliləyə bilər? Hər zaman rotasiyalar lazımdır.
- Sanki Səbuhi Abdullazadə oynamaq niyyətində deyil. Bu futbolçunu meydana buraxmağı düzgün hesab edirsiz?
- Mənim üçün inanılmazdır. Axı özüm də futbolçu olmuşam. Başa düşə bilmirəm ki, necə oynamaq istəməyə bilərsən? Axı, bu, anormaldır. Səbuhi bu klubun yetirməsidir. Onun oynamamaq istəməməsinə inanmıram.
- Rəhbərlik yeni müqavilə təklif edərsə, hansı qərarı verəcəksiz?
- Komanda nəticə qazanmaq niyyətindədirsə, hamı birlik olub, strategiyaya doğru işləməlidir. Mən demirəm ki, bütün səhv futbolçulardadır, hamının səhvi var. Siz deyən məsələ haqda isə danışmaq istəmirəm. Çünki indi bunun vaxtı deyil.












