"Real"ın keçmiş müdafiəçisi Marselonun oğlu hücumçu Enzo Alveş Madrid klubu ilə ilk peşəkar müqaviləsini imzalayıb.
Matc.az xəbər verir ki, 16 yaşlı hücumçu bu barədə məlumatı sosial media hesabında paylaşıb.
Gənc oyunçu 2017-ci ildən Madrid klubdadır. Hazırda o, U-18 komandasında oynayır və hətta UEFA Gənclər Liqasında 2 oyun keçirib.
Atasından fərqli olaraq, Enzo mərkəz hücumçusu kimi oynayır. O, son dərəcə perspektivli oyunçu hesab olunur.
Qeyd etmək lazımdır ki, Enzo Alveş artıq İspaniya gənclər millisinə çağırılıb. Hücumçu U-15, U-16 və U-17 yaş qruplarında oynayıb.
Atası Marselo 2007-ci ildən 2022-ci ilə qədər "Real"da oynayıb və 540 oyun keçirib. "Kral klubu" ilə braziliyalı futbolçu 5 Çempionlar Liqası da daxil olmaqla 25 titul qazanıb.












