"Karvan-Yevlax"ın kapitanı Araz Abdullayev Matc.az saytına müsahibə verib:

– "Neftçi" ilə oyunun ikinci hissəsində nə baş verdi ki, hesabı qoruyub saxlaya bilmədiz?

– Deyərdim ki, oyuna yaxşı başlamışdıq. Sadəcə, qələbə hesabını qoruyub saxlamaq lazım idi. İkinci hissədə çox erkən qol buraxdıq. Bu oyundan ən azı bir xal götürmək istəyirdik. “Neftçi”də məşqçi dəyişikliyindən sonra hiss olunur ki, onların oyununda da, sistemində də dəyişikliklər var. Həqiqətən son iki oyunda bu göründü. Biz də yaxşı mübarizə apardıq. Yenə deyirəm, bu oyundan ən azı bir xal götürmək istəyirdik. Qismət... Öz üzərimizdə işləyəcəyik.. Son oyunlarda görünür ki, bu komanda ümid verir. İnşallah, ikinci yarıya yaxşı hazırlaşıb, səhvlərimizin üzərində işləyib, komandamızı Premyer Liqada saxlayacağıq.

– Hesabı açaraq sabiq komandanı cəzalandırdın. Bu barədə nə deyə bilərsən?

– Yox, elə deməzdim (gülür). Qoldan sonra da sevinmədim. Hətta azarkeşlərə də, necə deyim, üzrxahlıq kimi olmasın, amma sevinmədiyimi göstərdim. Qol həmişə içdən sevindiricidir, amma “Neftçi” mənim evim kimidir. Uşaqlıqdan orda böyümüşəm. Bəziləri, bəlkə də gənc nəsil, ya da bəziləri bizi orda çox görmək istəməyib əvvəllər, amma mənim “Neftçi”yə qarşı həmişə sevgim var, hörmət bəsləyirəm. Bizim flaqmandır. “Neftçi” “Neftçi”dir, bunu həmişə bilirik. Amma bu gün burdayam, “Karvan-Yevlax"ın şərəfini qoruyuram və əlimdən nə gəlir onu eləməyə hazıram. Bu gün yevlaxlı azarkeşlər nəticələrimizdən narazılıq edirlər, amma maksimum dərəcədə çalışırıq ki, onları sevindirək.

– Həm kapitan, həm də oyun baxımından faktiki olaraq komandanın liderinə çevrilmisən. Öz performansını necə dəyərləndirirsən?

– Bu, situasiyadan asılıdır. Həm də məşqçi dəyişikliyi oldu. deyərdim ki, yeni baş məşqçimiz daha tələbkardır. Bu da son oyunlara yansıyır. Hər bir oyunçuya baxsanız görərsiniz ki, daha rahatdır, oyunda daha çox hərəkət eləyir. Hər kəsin performansı qalxıb. Çalışırıq, özümü yaxşı hiss edirəm və çalışıram nə qədər gedir, bu performansı daha da artırım.

– Azarkeşlərdən söz düşmüşkən, ötən turdakı məğlubiyyətdən sonra komandanı fitə basdılar, amma “Neftçi” ilə oyunda uduzsanız belə, sonda sizi alqışladılar. Səncə, bu, komandanın əzmkar oyununa görədir?

– Bəli, əlbəttə. Açıq deyim ki, "Qarabağ"la ardıcıl iki ağır oyundan, həm də məşqçi dəyişikliyindən sonra komandamız fiziki olaraq 60-cı dəqiqədən sonra  yorulurdu. Həmin dövrdə də “Qarabağ”la iki dəfə qarşılaşmağımız bizə çox ağır yük oldu. Ondan sonra “Şamaxı” ilə üzləşdik, onlar da çox "diş"li rəqibdir, həmişə öndə pressinq edirlər. Orada asan qollar buraxdıq və deyərdim, komanda bir az həvəsdən düşdü. Amma oyunbaoyun hər kəs görür ki, “Karvan-Yevlax” artırır. Biz də bunu saxlamaq istəyirik. Bunun üçün komanda, rəhbərlik, bütün fanatlar başa düşməlidir ki, bu bir prosesdir, dözmək lazımdır. Baxırsan ki, yevlaxlı azarkeşlər yaxşı oynadınsa, alqışlayırlar. Pis oynayıb uduzanda isə səni kim dəstəkləyər? Ancaq ailən, yaxınların. Bu da başadüşüləndir. Bu situasiya elədir ki, ancaq dözüb, səhvlərin üzərində işləyib bu vəziyyətdən çıxa bilərik.

– Bacaracaqsınızmı?

– Bacaracaqsınız deyəndə, biz həmişə çalışırıq. Bizdən hərəkət, Allahdan bərəkət.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest