"Kəpəz"in yarımmüdafiəçisi Ehtiram Şahverdiyev Matc.az saytına müsahibə verib:
- 15-ci turda "Qəbələ"yə qalib gəldiz. Oyunu necə dəyərləndirirsən?
- Gərgin oyun keçdi. Hər iki komandaya xal lazım idi. Toparlana bildik və qələbə qolunu vuran bildik. Qalib gəldiyimiz üçün sevincliyik."Qəbələ"yə uğurlar arzulayıram.
- Oyuna mərkəz hücumçusu kimi başladın. Özünü meydanda necə hiss edirdin?
- Artıq üçüncü oyundur ki, hücumda oynayıram. Mənim əvvəlki mövqeyim hücumçu olub. U-17 və Əvəzedicilər liqasında bombardir olmuşam. Hücum mənim üçün yad mövqe deyil. Baş məşqçi harda şans versə, əlindən gələnin daha artığını etməyə çalışıram.
- Qapıdan başqa demək olar ki, bütün mövqelərdə oynamısan. Sənin üçün hansı mövqe daha rahatdır?
- Düz qeyd edirsiz. Təkəbbürlülük kimi çıxmasın, meydanın hər yerində oynamaq mənim üçün rahatdır. Sağ cinah müdafiəçisi, yarımmüdafiəçi, vinger, hücumçu kimi oynaya bilirəm. Baş məşqçi harada görürsə, orada da oynamağa hazıram.
- Həm "Qəbələ"ni keçdiz, həm də "Karvan-Yevlax"dan uzaqlaşdız. Bu qələbənin əhəmiyyəti barədə nə deyə bilərsən?
- 9 xallıq oyun idi. Bunu dərk edirdik. Matça ciddi şəkildə hazırlaşmışdıq. Amma hələ qarşıda oyunlarımız var. Qış fasiləsinə yollanmadan əvvəl "Turan Tovuz"la qarşılaşacağıq. Məşqçinin verdiyi tapşırıqları düzgün yerinə yetirə bilsək, turnir cədvəlində bir qədər də irəliləyə bilərik.
- Rəqibin azlıqda qalması oyunun qırılma nöqtəsi idi?
- Oyuna yaxşı başlamışdıq. Rəqibə heç bir fürsət verməmişdik. Amma qırmızı vərəqədən sonra daha rahat oynamağa başladıq. Rəqib komandada ruh düşkünlüyü oldu. Biz də bundan istifadə edə bildik. Fasilədə toparlanıb ikinci hissədə var gücümüzlə mübarizə apardıq.
- "Turan Tovuz"la matçdan gözləntilərin nədir?
- "Turan Tovuz"un gücü hər kəsə məlumdur. Hər oyunda nəsə edə biləcək durumdadırlar. Rəqibdən asılı olmayaraq hər qarşılaşmaya maksimum nəticə üçün çıxırıq. İnşallah bizim üçün daha yaxşı olar. İnanıram ki, xal və ya xallar qazanıb həm özümüzü, həm də bizi sevən azarkeşlərimizi sevindirərik. Azarkeşlərimizə də təşəkkür edirəm. Hər zaman yanımızdadırlar. Həmişə də yanımızda olsunlar.












