Bu gün “Sumqayıt” Futbol Klubunun Müşahidə Şurasının iclası keçirilib.
Matc.az xəbər verir ki, “Azərikimya” İB-nin inzibati binasında baş tutan iclasda əsas komandanın yeni baş məşqçisi Saşa İliç şura üzvlərinə təqdim olunub.
UEFA PRO kateqoriyasına sahib 47 yaşlı serbiyalı mütəxəssis və onun köməkçiləri ilə 1 illik müqavilə imzalanıb.
İclasda Müşahidə Şurasının sədri Elnur Məmmədli çıxış edərək yeni baş məşqçiyə uğurlar arzulayıb və üzvlərə klubun yeni mövsümdəki planları barədə məlumat verib.
Daha sonra isə prezident Riad Rəfiyev komandanın növbəti mövsüm üçün hazırlıq planı və təlim-məşq toplanışı barədə çıxış edib.
Yeni baş məşqçimiz Saşa İliç isə ona etimad göstərib buraya dəvət etdikləri üçün klub rəhbərliyinə təşəkkürünü bildirib. Mütəxəssis “Sumqayıt” Futbol Klubunun Sumqayıt şəhərinin adına layiq çıxış etməsi üçün əlindən gələni edəcəyini və uğurlu mövsüm keçirməyə çalışacaqlarını vurğulayıb.