“Şahruddin səhvini şişirməyə ehtiyac yoxdu. Qapıçı da səhv edə bilər”. Matc.az xəbər verir ki, bunu “Adana Dəmirspor”un baş məşqçisi Hikmət Karaman Türkiyə Superliqasının XXVI turunda “Alanyaspor”la səfər oyunundan sonra mətbuat konfransında deyib.
63 yaşlı mütəxəssis 3:3 hesabı ilə başa çatan görüşün fasiləsində Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevi əvəzləməsinə aydınlıq gətirib. Karamanın fikrincə, Məhəmmədəliyev birinci hissədə iki qol buraxdığı üçün həvəsdən düşmüşdü:
“Fərdi səhvdən iki qol buraxdıq. Belə vəziyyətdə əvəzləmə etmək, taktikanı dəyişmək çox çətindir. Bu riski məsuliyyəti üzərimə götürərək aldım. Qapıçımız iki qol buraxdığı üçün həvəsdən düşmüşdü. Ancaq o da bizim futbolçumuzdu. İkinci hissədə meydana çıxan Vedat Karakuş penalti qaytardı və rəqabətin içində olduğunu göstərdi”.
Qeyd edək ki, “Adana Dəmirspor” 32 xalla 10-cu pillədə yer alır.