“Qarabağ”ın qapıçısı Andrey Lunyov ölkəsi Rusiyada “RB Sport” saytına müsahibə verib. Matc.az xəbər verir ki, 32 yaşlı qolkiper Azərbaycanda özünü rahat hiss etdiyini bildirib.
- “Qarabağ”a uyğunlaşa bildiniz?
- Uyğunlaşma dönəmi çoxdan başa çatıb. Ünsiyyət baxımından bura Almaniyadan daha rahatdı, rusdilli insanlar var. Gündəlik həyatda da rahatdı. Lakin əvvəllər yerli sürücülük tərzinə alışmaq çətin idi. Misirdə olduğu kimi, sürücülər həmişə siqnal verir, istədikləri kimi sürürlər.
- Bütün köhnə zədələri sağaldıb, ən yaxşı formanızı bərpa etmisiniz?
- Avropa Liqasının qrup mərhələsində “Bayer”lə oyunda Bonifeysilə toqquşmadan sonra problem yaranmışdı. Lakin bu, kritik deyil, oynamağa imkan verir. Ümid edirəm ki, tətil faydalı olacaq, diz stress olmadan daha tez sağalacaq. Formaya gəlincə, düşünürəm ki, ifa tonu qayıdıb, sonra inkişaf etməyə çalışacağam. Burada yeni səhifə açdım, başqa mərhələ başladı. İndi təcrübə baxımından itirilənləri qaytarmaq lazımdı. Əlbəttə, iki il oynamamaq asan deyil. Əsas odu ki, zədələr təkrarlanmır.
- Sabiq komandanız “Bayer”in oyunlarına baxanda indi dünya futbolunun ən maraqlı komandalarından birində olmadığınız üçün peşman deyilsiniz?
- “Bayer”in uğuruna sevinirəm. Orada həkimlər və məşqçilər heyəti də daxil olmaqla çox adamı tanıyıram. Demək olar ki, eyni şəxslər qalıb. Getdiyim üçün məyusluq varmı? Xeyr. Gözləntilərimi, ümidlərimi doğrultmayan, arzularım reallaşmayan bir dövr oldu. İndi fərqli yoldayam, həyatımda yeni səhifə açmışam. Əlimdə olanlardan maksimum yararlanmağa çalışıram.
- Necə düşünürsünüz, qalsaydınız, “Bayer”də şans qazana biləcəkdiniz?
- Həm Almaniya Kubokunda, həm də Avropa Liqasında şans verilən ikinci qapıçı götürdülər. Bəlkə mənim də şansım olardı. Başqa bir məqam isə odu ki, səhhətim nə qədər yaxşı olsa da, sonda “Bayer”də keçirdiyim iki il ərzində sırf müalicə və sağalmaq üçün bir ildən çox vaxt itirmişəm. Bu xoşagəlməz məqamdı.