Bu gün Qətərdəki dünya çempionatının F qrupunda mübarizəyə yekun vurulacaq. Matc.az xəbər verir ki, bu qrupda Xorvatiya, Mərakeş, Belçika və Kanada yığmaları mübarizə aparır. İki turdan sonra komandaların xal durumu və top fərqi belədir:

Xorvatiya - 4 xal (4-1);
Mərakeş - 4 xal (2-0);
Belçika – 1 xal (1-2);
Kanada – 0 xal (1-5).

Göründüyü kimi, Kanadanın pley-offa yüksəlmək şansı qalmayıb. Bu komanda həlledici turda Mərakeşlə üz-üzə gələcək. Qrupun digər matçında isə Xorvatiya və Belçika yığmaları arasında gərgin mübarizə gedəcək. Hər iki oyuna Bakı vaxtı ilə saat 19:00-da start veriləcək.

Xorvatiyaya 1/8 finala vəsiqə qazanmaq üçün Belçika ilə oyunda uduzmamaq da yetərli olacaq. Amma xorvatlar hətta bu gün xal qazanmasalar belə, pley-offa yüksələ bilərlər. Bunun üçün Mərakeş yığmasının Kanadaya uduzması və əlavə göstəricilərə görə Xorvatiyadan geri qalması lazımdır.

Mərakeş yığmasının da pley-offa yüksəlmək şansı yüksəkdir. Bunun üçün Kanadaya qalib gəlmək ən optimal variantdır. Amma heç-heçə müqabilində də digər oyunda müsbət nəticənin qeydə alınması Mərakeşi növbəti mərhələyə daşıyacaq. Digər oyunda Xorvatiya qalib gəlsə, Kanadaya məğlubiyyət də Mərakeşi 1/8 finala çıxaracaq. Digər oyunda Belçika qalib gəlsə və ya heç-heçə etsə, Mərakeş Xorvatiyaya uduzacağı halda da əlavə göstəricilərə əsasən qrupdan çıxa bilər.

Belçika yığması isə yalnız Xorvatiyaya qalib gələcəyi halda 1/8 finalın iştirakçısı ola bilər. Amma bunun üçün Mərakeşin də Kanadaya müvafiq hesabla uduzması lazımdır. O zaman əlavə göstəricilər nəzərə alınacaq.

Qeyd edək ki, F qrupundan növbəti mərhələyə vəsiqə qazanacaq komandaları İspaniya, Yaponiya, Kosta Rika və Almaniyanın qrupundan çıxacaq kollektivlərlə oyunlar gözləyir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest