Sənan Qurbanovun əla natiqlik qabiliyyəti var. Üzünü görmədən səsinə qulaq as, valeh ol. Sənin üçün nəzəriyyə xırdalasın, ən yeni taktiki gedişlərdən, hazırlıq üsullarından mühazirə desin. Ağzından bal tökülür.

Dünən mətbuat konfransında da belə idi. Bir anlıq düşündüm ki, bu adam dünyanı gəzib gəlib, ikinci səfərə hazırlaşır. Əcəba, belə dünyagörüşlü, əlinin dəydiyi yer qızıl olan adam niyə biabırçı oyundan sonra darmadağın olsun; niyə hər fəsildə, hər rübdə yalnız bir qələbə qazansın?

Premyer Liqanın 4-cü turu çərçivəsində baş tutan “Neftçi” – “Keşlə” matçı o qədər biabırçı alındı ki, futboldan danışmaq, yazmaq mümkün deyil. Məhəllə komandasından fərqlənməyən qonaqlar AFFA-nın ayırdığı 6 milyon manatı xoruz döyüşünə xərcləyən əhlikeflərə oxşayırdı. Hansısa taktiki gedişlər, komanda hücumu, kompakt müdafiə, düşünülmüş kombinasiya – bunlardan danışmaq yersizdi.

“Neftçi”nin ilk qolu “Keşlə”yə qiymət vermək üçün yetərlidi. Təsəvvür edin, Yusuf Laval əli cibində, gəzə-gəzə irəliləyir, dayanır, cərimə meydançasına ötürmə verir, “Keşlə”nin müdafiəçiləri Sezar Meza Kollinin ətrafında dövrə vurur, ona yaxınlaşmağı belə düşünmür, paraqvaylı da topu saxlayır və onu əngəl görmədən qapıya vurur. Və bütün bunları hamı yerində dayanaraq seyr edir.

Sonrakı qollarda isə “Keşlə” oyunçuları başqa “qabiliyyətlərini” göstərir. Rəqibə dəqiq asist etmək, onların “mühafizəsini təşkil etmək” və s. Kəsəsi, “Neftçi” əziyyət çəkmədən, məşqdəymiş kimi davranaraq hesabına növbəti 3 xalı yazdırır. Rəqib o qədər bərbad idi ki, “ağ-qaralar”ı müzakirə etmək üçün kiçicik epizod belə yoxdur.

Və bu qalibiyyət “Neftçi”nin baş məşqçisi Samir Abasovu da aldadıb. Hesabın böyüklüyünün məst etdiyi çalışdırıcı pafosla danışmağa başlayır: “Bu komanda da gələcəkdə 100 faiz qruplara düşəcək. Mən buna inanıram”.

Bəli, Samir bəy, düşəcək. Nəvaxtsa? 1,2, 3 il sonra – bunu dəqiq demirsiz, sanki dediyiniz rellaşana kimi sizə səbr edilməsini istəyirsiz. “Keşlə”ylə oyuna aldanmayın, indiki “Neftçi” böyük vəzifələrin həlli üçün hazır deyil, siz isə hər həftə bir bəhanə fikirləşən adamsız. 1-2 ay öncə etdiklərinizdən sonra gələn mövsümlər üçün vəd verməklə sadəlövhləri aldada bilərsiz.

İstənilən halda, qalib mühakimə olunmur. Rəqib hər nə qədər rəzil gündə olsa da, 3 xalı qazanan təbrik edilir.

Qurbanovun mətbuat konfransı isə 90 dəqiqəlik oyundan daha şən, daha dinamik keçdi. “Bir nəfərin teatrı”nda maraqlı səhnəciklər, solo-tamaşa izlədik.

“Hər dəfə uduzandan sonra nəsə danışmaq çətindir. Belə start gözləmirdik. Tamam fərqli senari gözləyirdik. Bəlkə məşqlər bizi aldatdı, bəlkə də transferlər yaxşı olmadı. Omar Qudiabi və Aldair Neto nəinki gözləntilərimizi qarşılamır, öz qapımıza qol vururlar. Buna görə özümü günahlandırıram. Bəlkə də o pula daha yaxşı oyunçular almaq olardı. Getmək asandır. Hər dəfə gözləyirsən ki, bəlkə düzələr. Rəqib “Neftçi” olsa da, məğlubiyyət pis təsir edir. Qol imkanlarından itifadə edə bilmirik. Üzərimizdə təzyiq var”.

Adam hər növbəti cümləsində özünü təkzib edir. Bu oyunçuları seçən kimdi? Bu pula daha yaxşı oyunçular almaq olardısa, deməli, vəsaiti səhv seçimlərlə israf etmisiz. Ümumiyyətlə, 4 oyuna 4 məğlubiyyət alan məşqçi yalnız üzr istəyib istefa verməlidi. Yaxşı oynayıb nəticə qazanmasa, yenə başa düşülər, amma “Keşlə” ümumiyyətlə, futbol oynamır. Bu mövsümün nəticələri öz yerində, Sənan bəy postda olduğu 8 ay ərzində cəmi 4 qələbə görüb. Bu, 2 aya 1 qələbə deməkdi. Deməli, adam ümumiyyətlə, heç nəyi bacarmır. Büdcəsinə görə ən yaxşılardan olan komanda hər fəsildə bir dəfə sevinirsə…

“İstefa məsələsi gündəmdədir. “Ölkə kuboku təsadüfən qazanıldı” deyənlər sonradan heç nə yazmadılar. Hər məğlubiyyətdən sonra çamadan bir az da dolur, götürüb getməyə hazırlaşırsan. Bəzən həqiqəti yazırlar, bəzən də atmaca atırlar. Futbolda təsadüfi nəticə olmur. Rəhbərlik desə, getməyə hazıram. Pis oynamağımız heç kimi maraqlandırmır. Burada təzminatdan söhbət gedə bilməz. Rəhbərlik deyir ki, Sənan, başını sal aşağı, işini gör. İstefa verməkdən qorxmuram. Bəlkə də yerimə məşqçi tapılandan sonra vidalaşacaqlar”.

İstefa məsələsinin gündəmdə olmasını hamı blir. “Keşlə” bu vidaya çoxdan – hələ yeni məşqçinin gəldiyi yanvar ayından hamilədi, 8 ayın tamamına bir neçə gün qalıb, yəqin erkən azad olar.

İstefa verməkdən qorxmaq lazım deyil, o da bir mədəniyyətdi, qovulmadan, öz xoşuyla getmək də bir cəsarətdi. Adam özünü daha nə qədər gözdən salar? Qazanılan kuboka gəlincə, bunu Qurbanovun yox, rəhbərliyin ələ keçirdiyini statistika, nəticələr də göstərir.

“Bəlkə də mənim gedişimdən sonra düzələcək. Yalvarıb, burada qalmaq fikrim yoxdur. Rəhbərlik arxamızda dayanıb. Görürlər ki, səhər tezdən bazaya gəlib, axşam gedirəm. Bəlkə rəhbərliyin də yazığı gəlir ki, bu səhərdən axşamadək işləyir, sadəcə, nəticə yoxdur. Meydanda hər şeyə baş məşqçi cavabdehdir”.

Hörmətli Sənan bəy, 6000 manat maaşı sənə səhərdən axşama kimi bazada oturmaq üçün vermirlər. Hətta 24 saat işləmək olar, amma bu, heç nəyi dəyişmir. Kəmiyyətə yox, keyfiyyətə baxmaq lazımdı. Əgər səhərdən axşama kimi işləməyin nəticəsi sonuncu pillədisə, deməli, səninki sizif əməyidi. İndi tənqid etdiyin Miyuslo Boyoviç ötən mövsüm də ardıcıl səhvlərinə görə ehtiyatda qalırdı, sən isə onun müqaviləsini yenilədin; təzə legionerlər köhnələrdən də zəifdi, deməli, seleksiya qabiliyyətin yoxdu. Havada, suda günah arama, güzgüyə bax və get.

Düzdü, illər göstərir ki, “Keşlə”də baş məşqçi əvəzləmələri heç nəyi dəyişmir. Nə qədər ki, klubun rəhbəri Zaur Axundov kimi bacarıqsız idarəçidi, elə belə də davam edəcək, Sənan gedəcək, Kənan gələcək, nəticələr dəyişməyəcək.

İstənilən halda, Qurbanov getməlidi. Özü də bilir ki, yerinə məşqçi axtarılır, yaxşı olardı qovulmadan getsin. Sənan bəyə iş tapmaq da çətin olmayacaq, belə bəlağətli danışan adama mütləq televerilişlərdə ekspert olmaq təklifləri gələcək. Kaş nitqi qədər bacarığı da olaydı…

futbolinfo.az

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest