çempionlar Liqasında Tbilisi "Dinamo"sunu hər iki oyunda məğlub etməsinə baxmayaraq, zəif rəqibini çətinliklə keçən "Neftçi" üçün əsl sınaq ikinci təsnifat mərhələsindən başlayırdı. Budəfəki rəqib gürcülər kimi, səhvləri bağışlayan yox, hətta Avropa nəhənglərinə də badalaq vurmağı bacaran bir komanda idi.

Yunanıstanın ən köklü və güclü klubu olan "Olimpiakos" önünə Azərbaycan çempionu heç də ideal vəziyyətdə çıxmamışdı. Bakılıların, xüsusən də, yay transfer fəaliyyəti azarkeşləri narahat edirdi. çünki cəmi 3 oyunçu alınmışdı və yalnız bir neçə gün əvvəl Huqo Basto ilə Romain Bask heyətə cəlb olunmuşdu. çempionlar Liqası kimi mötəbər turnirə qatılan bir komandanın normal səviyyədə 20 futbolçusunun olmaması  işlərin düzgün aparılmamasının bariz göstəricisidi.

Bu cütlük bilinən ilk gündən ən sadiq azarkeşləri belə, "Neftçi"nin mərhələ adlamasına, demək olar inanmırdı. Axı Samir Abasov start heyətini güc-bəla ilə müəyyənləşdirirsə, onun həmkarı Pedro Martinsin əlində 30-dan çox oyunçu var. Hətta 6-7 nəfərin yoxluğu da yunanlar üçün problem sayılmırdı. üstəlik, Tomaş Vaçlik, Yann Mvila, Sokratis Papastatopulos və Matye Valbuena kimi ulduz simalar da təmsilçimiz üçün həyəcan siqnalı idi.

Seçim imkanı məhdud olduğundan, "Neftçi"nin start heyətini öncədən təxmin etmək çətin deyildi. Samir Abasov adəti üzrə 5-li müdafiə sisteminə üstünlük vermişdi. Baş məşqçi əlində olan ən ideal "11-liy"i meydana buraxmışdı. Yenə Yusuf Laval və Harramiz cinahlardan həm müdafiəçi, həm də vinger kimi oynamalı idi. Yeni transferləri ehtiyatda saxlayan Abasov bu dəfə də irəlidə Namiq Ələsgərovun məhsuldarlığına güvənmişdi. Maraqlıdı ki, rəqibin çalışdırıcısı Pedro Martins yuxarıda adlarını çəkdiyimiz ulduzlardan heç birinə ehtiyac duymamışdı. Baskla Bastonun start heyətinə düşməməsi daha bir problemi üzə çıxarır. Yeni oyunçulara nəfəs kimi ehtiyac duyan bir komandanın hazırlıqsız futbolçu gətirməsi çempionlar Liqasında iştirak edən bir kluba yaraşmır.

Bəxtimiz onda gətirib ki, "Olimpiakos"un hazırlıq durumu "Neftçi"dən də bərbad idi. Millilərində oynayan aparıcı futbolçular meydanda deyildilər. İlk dəqiqələrdən meydanda olanların isə nə fiziki, nə də psixoloji durumları qaydasında idi. Hətta psixoloji baxımdan Azərbaycan klubu daha hazırlıqlı görünürdü. Ancaq çempionumuzu məğlub etmək üçün "Olimpiakos"un "ölüsü" də bəs etdi. Halbuki, göstərilən futbol "Neftçi"yə tarixi imkan yaratmışdı. Problem ondadı ki, komandamız müdafiə olunanda həyəcanlı, hücuma atılanda isə tələsik və "dişsiz" görünürdü. İlk dəqiqələrdə əldən çıxan qol şanslarına görə Samir Abasov bəlkə də, çox dizinə döyəcək.

çempionumuza necə qol vurmaq lazım olduğunu Madi Kamara usta toxunuşu ilə göstərdi. Uzaq məsafədən qvineyalı topa elə zərbə vurdu ki, sanki əli ilə aparıb "doqquzluq"dan keçirdi. Əlbəttə, bunda Aqil Məmmədovun "xüsusi xidməti" də oldu. Yanlış mövqe seçimi edən Məmmədov "Neftçi"də qapıçı problemini hər dəfə vurğulayan azarkeşləri növbəti dəfə haqlı çıxardı.

Birinci hissənin sonlarında rəqib meydanda azlıqda qaldı. Əslində isə hesabı açan Kamara elə "Neftçi"ni də azlıqda qoydu. çünki Namiq Ələsgərovun məcburi əvəzlənməsi Mirabdulla Abbasova şans yaratdı. Ancaq onun varlığı ilə yoxluğu hiss olunmadı. Maraqlısı burasındadı ki, rəqib azlıqda qalandan sonra "Neftçi" tam təşəbbüsü ələ ala bilmədi. Komanda sanki əvvəldən bütünlüklə əks-hücuma köklənmişdi və B planı yox idi. Bu mənada Mert çelikin karate fəndindən istifadə edib rəqibi nokauta  salması əslində vəziyyəti düzəltdi. çünki meydanda futbolçuların sayı bərabərləşdikdən sonra rəqib qapısı qarşısında daha təhlükəli anlar yarandı.

Matçdan əvvəl çoxlarının darmadağın gözləməsinin fonunda 0:1 hesabı heç də pis deyil. Ən azı cavab görüşünü formallığa çevirmədi. Ancaq bu durumda olan "Olimpiakos"a uduzmaq xoş gələcək vəd etmir. Yunanların Bakıda necə çıxış edəcəklərindən çox şey asılı olacaq. Hər halda, əsas heyət üzvlərinin hazır olmaq üçün bir həftə vaxtı var.

ümid edək ki, Pirey klubu zəif çıxışını Bakıda da təkrarlayar və "Neftçi" futbolçuları bu dəfə imkanları sağa-sola xərcləməz. Ancaq Namiq Ələsgərovun olmaması "Neftçi"nin meydana hücumçusuz çıxacağı anlamına gəlir. Hər halda, Mirabdulla bu komandanın qol yükünü daşıyacaq futbolçu deyil. Heyətdə başqa hücumçunun olmaması isə klub rəhbərliyinin işə həvəskar yanaşmasının nəticəsidi. Bu səriştəsiz idarəçilik isə "Neftçi"nin avrokubokdakı nəticəsinə mənfi təsir etməsə yaxşıdı...

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest