Futbol üzrə İtaliya millisi ciddi itki ilə üzləşib. Matc.az xəbər verir ki, komandanın sol cinah müdafiəçisi Leonardo Spinatsola uzun müddətə sıradan çıxıb.
 
O, Avropa çempionatının 1/4 final mərhələsində Belçika ilə oyunda zədələnib. Tibbi müayinələrdən sonra 28 yaşlı müdafiəçinin təxminən 4 ay yaşıl meydanlardan kənarda qalacağı müəyyənləşib.
 
"Roma"ya məxsus futbolçu bu görüşün 79-cu dəqiqəsində əvəzlənib. Axill vətərində problem aşkarlanan Spinatsola tezliklə əməliyyat olunacaq.
 
Qeyd edək ki, İtaliya Belçikanı 2:1 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Bu komanda finala vəsiqə uğrunda İspaniya ilə mübarizə aparacaq. Qarşılaşma iyulun 6-da İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionunda baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest