Bu il sentyabr ayında Fransanın paytaxtı Paris şəhərində keçirilməsi nəzərdə tutulan FİBA 3x3 Avropa Kubokunun seçmə mərhələsinin cədvəli təsdiq edilib.
 
Matc.az xəbər verir ki, kişilərdən ibarət yığmamız 26-27 iyun 2021-ci il tarixlərində İsrailin Təl-Əviv şəhərində keçiriləcək seçmə mərhələ yarışında iştirak edəcək.
 
Komandamızla bərabər bu yarışda ev sahibi İsrail, Türkiyə, İspaniya, Almaniya, Polşa, çexiya, İsveçrə, Avstriya, Belçika, Portuqaliya, Xorvatiya, Yunanıstan, Monteneqro və Andorra yığmaları da iştirak edəcək.
 
Dörd qrupa bölünmüş komandalar dairəvi üsulla 1/4 final mərhələsində mübarizəni davam edəcək ilk cütlüyü müəyyən edəcəklər. 1/4 final mərhələsinin oyunlarında qələbə qazanmış komandalar FİBA 3x3 Avropa Kubokunun final mərhələsinə vəsiqə əldə etmiş olacaqlar.
 
Eyni tarixlərdə Rumıniyanın Konstansa şəhərində keçiriləcək digər seçmə yarışda Rumıniya, Latviya, Macarıstan, Ukrayna, Belarus, Estoniya, Slovakiya, Litva, İsveç, Böyük Britaniya, İrlandiya, Kosovo, Niderland, Gürcüstan və Kipr komandaları mübarizə aparacaqlar.
 
Avropa Kubokunun final yarışlarına ev sahibliyi edəcək Fransa yığması ilə bərabər 2019-cu il FİBA 3x3 Avropa Kubokunun qalibi Serbiya komandası, eyni zamanda ən yüksək reytinqə malik olan Rusiya və Sloveniya komandaları final mərhələsinə birbaşa qatılacaqlar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest