Azərbaycan Premyer Liqasında turun mərkəzi oyunu “Neftçi” ilə “Zirə” arasında keçirildi. Matc.az saytı xəbər verir ki, bunu son turların iki uğursuz komandasının dueli kimi də qələmə vermək olardı.
 
Premyer Liqa
XXIII tur
“Neftçi” – “Zirə” – 4:0
Qollar: Namiq Ələsgərov, 47, 77; Mirabdulla Abbasov, 74; Stiven Monroz, 90+2
Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Vüqar Bayramov, Səbuhi Bayramov
17 aprel. “Bakcell Arena”, tamaşaçısız

“Neftçi”: 30. Aqil Məmmədov, 7. Namik Ələskərov (80. İsmayıl Zülfüqarlı, 86), 8. Emin Mahmudov (k), 22. Mirabdulla Abbasov (28. Stiven Monroz, 83), 3. Mamadu Mbodj, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 29. Sabir Buqrin, 4. Keysuke Honda (26. Ömər Buludov, 81), 24. Yusuf Laval, 5. Anton Krivotsyuk
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 12. Kamran İbrahimov, 19. Fəhmin Muradbəyli, 17. Bruno Teluşi, 9. Ahmed Ahmedov, 49. Rener Alves, 20. Mert Çelik, 70. Asim Əlizadə
Baş məşqçi: Samir Abasov
“Zirə”: 1. Mateus Albino, 8. İlkin Muradov, 4. Elvin Camalov (k), 2. Sərtan Taşkın, 32. Qismət Alıyev (30. Riçard Almeyda, 46), 11. Klesio Bauk, 12. Lazar Corceviç (14. Fakundo Melivilo, 67), 44. Dmitrios Çantakias, 26. Nemanya Andelkoviç, 17. Rodriqo Bonqonqui (9. Davit Volkov, 46), 21. Hacıağa Hacılı
Ehtiyat oyunçular: 22. Rəşad Əzizli, 62. Abdulla Seyidəhmədov, 91. Ruslan Qurbanov, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 7. Tural Bayramlı, 29. Musa Qurbanlı
Baş məşqçi: Rəşad Sadıqov
 
Liderə yaxınlaşmaq, yoxsa üçüncülü əldən vermək?
Milli komandaların oyunları ilə bağlı yaranmış fasilədən sonra iki matçda 1 xal toplayan “Neftçi” liderliyi əldən vermişdisə, “Zirə” axırıncı qələbəsini məhz “ağ-qaralar” üzərində qazanmışdı. Rəşad Sadıqovun kollektivi həmin görüşdən sonakı 5 görüşün 4-də heç-heçə etmiş, 1-də məğlub olmuşdu. Şəxsi oyunlara nəzər yetirdikdə isə “Zirə”nin “Neftçi” üçün arzuolunmaz rəqib olduğunu görərik. Çünki Samir Abasovun yetirmələri cari mövsüm əvvəlki 3 qarşılaşmada bu rəqibə qalib gələ bilməmişdi. Budəfəki qarşılaşma hər iki tərəf üçün daha böyük önəm kəsb edirdi. Məsələ burasındadı ki, “Qarabağ” bir gün əvvəl büdrədiyindən, “Neftçi” xal fərqini 1-ə endirmək şansı yaxalamışdı. “Zirə” isə uduzacağı təqdirdə 3-cü yeri əldən verəcəkdi.
 
Rotasiyalarla dəyişən düzülüş
Ötən turla müqayisədə hər iki komanda heyətində həm heyətində, həm də oyun üslubunda dəyişiklik etmişdi. “Neftçi”də Aqil Məmmədov bir turluq istirahətdən sonra çərçivədəki yerinə dönmüşdü. Həmçinin Namiq Ələsgərov, Mamadu Mbodj və Mamadu Kane də “11-lik”dəki yerini qaytarmışdı. Əvəzində Səlahət Ağayev, Tallison Diaz, Bruno Teluşi və Mert Çelik bu dəfə yox idi. “Zirə”də də 4 dəyişiklik var idi. İlkin Muradov, Klesio Bauk, Lazar Corceviç və Hacıağa Hacılı keçən matçla müqayisədə bu dəfə start heyətində yer almışdılar. Kapitan Ağabala Ramazanov cəzalı idisə, Riçard Almeyda, Davit Volkov və Tural Bayramlı gözlənilmədən ehtiyatda saxlanılmışdı. Görünür, Rəşad Sadıqov ölkə kubokunun yarımfinal mərhələsində “Keşlə” ilə matçı nəzərə alaraq, bəzi aparıcı oyunçulara dincəlmək imkanı vermişdi.
 
 
Rotasiyalar sistemdə də dəyişikliklərə yol açdı. Uğursuz üçlü mərkəz müdafiə sistemindən vaz keçən Samir Abasov bu yanlışdan dönərək, onu 4-4-2 ilə əvəzlədi. Əsas diqqətçəkən məqam Mamadu Kanenin müdafiənin sağ cinahında yer alması idi. “Zirə” isə meydana 5-3-2 sxemində çıxdı. Zirəlilərin müdafiəyəmeyilli heyəti “Neftçi”ni hücum futbolu sərgiləməyə vadar edirdi. Meydana 5 müdafiəçinin önündə 3 müdafiəyəmeyilli oyunçu ilə çıxan qəsəbə təmsilçisi irəlidə yalnız Rodriqo Bonqonqui və Klesio Baukun sürətinə bel bağlayırdı. İkinci bəzi məqamlarda rəqib müdafiəçilərinə çətin anlar da yaşada bilirdi. Lakin hücumda təkbaşına nəyəsə nail olmaq mümkün deyildi.
 
Albinonun bir hissəlik təkbaşına mübarizəsi
“Neftçi” topla oynamağı bacaran yüksək səviyyəli yarımmüdafiəçilərə malik olduğundan, ilk dəqiqələrdən orta sahədə rahatlıqla paslaşırdı. 8 nəfərlə müdafiə olunan komandanın qapısına yaxınlaşmaq sürətli düşüncə və cəld qərar vermək tələb edirdi. “Ağ-qaralar” əvvəlcə 3-lü yarımmüdafiə xəttini, daha sonra müdafiəni yarmalı idi. Prinsipcə, “flaqman” bir çox məqamda bu işin öhdəsindən asanlıqla gəlirdi. “Zirə” hər nə qədər qapı önünə çox oyunçu yığsa da, müdafiə olunmaqda çətinlik çəkirdi. Orta sahədə Sabir Burqin, hücumda isə Mirabdulla Abbasov canfəşanlıq sayəsində “Neftçi”nin digər oyunçularına boş mövqelər yaratmağı bacarırdı. Zirəlilər yalnız hissənin ortalarında tempi bir qədər aşağı salmağa nail oldu. Ancaq fasilə ərəfəsində qonaqlar rəqib hücumları qarşısında çarəsiz görünürdü. Məhz belə məqamlarda Mateus Albino “qapıçı komandanın yarısıdır” ifadəsini fantastik qurtarışları ilə təsdiqlədi. Braziliyalı qolkiperin, xüsusən də, Mirabdullanın zərbəsinə reaksiyası möhtəşəm alındı. Rəqibin təzyiqinə uğurla tab gətirən Albino fasiləyə qədər tablodakı sıfırların dəyişməsinə icazə vermədi.
 
Əvəzləmələr “Zirə”dən, qol “Neftçi”dən
Bu cür oyunla qol buraxacaqlarını yaxşı başa düşən Rəşad Sadıqov fasilədən sonra iki əvəzləməyə birdən əl atdı. Volkov sürətli əks-hücumlar üçün nəzərdə tutulmuşdusa, Almeydanın meydana daxil olması orta sahədə top saxlamaq cəhdi idi. Çünki qonaqlarda çatışmayan əsas məqam məhz oyunu üzərinə götürən, topu gizlədərək komandasını rahatladan futbolçunun yoxluğu idi. Lakin ikinci hissə başlar-başlamaz “Zirə” hətta “Neftçi”nin də planında olmayan tərzdə qol buraxdı. Lazar Corceviç qapıçıya ötürmə vermək istəyərkən onu Namiq Ələsgərovun önünə atdı. Qapıçı ilə üzbəüz qalan çempionatın ən sərrast oyunçusu da bu hədiyyəni geri çevirmədi. Bu top, onsuz da, meydanda varlıq göstərə bilməyən qonaq komandanı psixoloji cəhətdən “sındırdı”. Almeyda və Volkovun mübarizəyə qoşulması da heç nəyi dəyişmədi. Çünki dominant oyun sərgiləyən “Neftçi”nin qarşısında Albino yenə təkbaşına dururdu. İki yüz faizlik qola mane olan “sambaçı”nın bir epizodda dirək də imdadına yetişdi.
 
 
Qələbənin təməlini qoyan sistem dəyişikliyi
Komandasının meydanın mərkəzini belə, keçməkdə çətinlik çəkdiyini görən “Zirə”nin çalışdırıcısı 67-ci dəqiqədəki sonuncu əvəzləmə ilə sistemi də dəyişdi. Fakundo Melivilonun meydana daxil olması ilə qonaqlar 4-3-3-ə keçdi. Məğlub durumda olan və meydanda varlığı hiss olunmayan “Zirə”nin başqa çıxış yolu da yox idi. Ancaq bu, əksinə, ev sahiblərinin əl-qolunu bir qədər də açdı. Nəticədə çox keçmədən “Neftçi” komandanı rahatladan ikinci qola imza atdı. Sağ cinahdan edilən ötürmədən sonra Mirabdullanın zərbəsi qarşısında Albino da aciz qaldı. Ancaq böyük motivasiya ilə çıxış edən meydan sahiblərini bu da sakitləşdirmədi. Az sonra rəqib müdafiəsində xaosu yaxşı dəyərləndirən Ələsgərov dublunu rəsmiləşdirdi. Son saniyələrdə Stiven Monrozun qolu yalnız fərqin 4 topa çatmasına xidmət etdi. Beləliklə, Rəşad Sadıqovun ölkə kuboku üçün qurban verdiyi qarşılaşmada mövsümün ən yaxşı oyununu sərgiləyən “Neftçi” həm “Zirə” tilsimini qırdı, həm də lider “Qarabağ”la aradakı xal fərqini 1-ə endirdi.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest