Azərbaycan Premyer Liqasının 6-cı turunda "Sabah" "Səbail"i qəbul etdi. Matc.az xəbər verir ki, "Bank Respublika Arena"da keçirilən qarşılaşmanın ilk hissəsi qolsuz bərabərliklə başa çatdı.
 
Fasilədən sonra təşəbbüsə yiyələnən meydan sahibləri 78-ci dəqiqədə bu üstünlüyünü hesabda əks etdirib. Coşqun Diniyev gözəl zərbəylə həm oyunda, həm də "Sabah"da ilk qoluna imza atıb. Bir neçə dəqiqə sonra Cavid İmamverdiyev Ozan Can Kökcünün künc zərbəsindən ötürdüyü topu başla qapıdan keçirərək komandasının üstünlüyünü 2 topa çatdırıb.
 
Matçda son nöqtəni isə gənc futbolçu Şakir Seyidov qoyub. 88-ci dəqiqədə Ozan Can Kökcünün əvəzinə meydana daxil olan 18 yaşlı futbolçu, matça əlavə olunmuş 6-cı dəqiqədə Ulisse Diallonun ötürməsini qapıdan keçirərək qarşılaşmada yekun hesabı müəyyənləşdirib – 3:0. Bu, Şakirin "Sabah"da vurduğu ilk qoldu. 18 yaşlı yarımmüdafiəçi həmçinin, Premyer Liqada qol vuran ən gənc futbolçu olub.
 
"Səbail"lə oyun "Sabah" üçün daha bir neçə ilklə yadda qalıb. Komanda İqor Ponomaryovun rəhbərliyi altında çıxdığı ilk oyunu qələbə ilə başa vurub. Bu qələbə həm də, cari mövsümdə qazanılan ilk 3 xal olub. Bundan əlavə, "Sabah" "Səbail"lə görüşdə Premyer Liqada ilk böyük hesablı qələbəsini qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest