"Yuventus" niderlandlı hücumçu Coşua Zirkzee ilə mümkün müqavilə imzalanması barədə "Mançester Yunayted"lə danışıqlara başlayıb.
Matc.az xəbər verir ki, bu barədə jurnalist Canluka Di Marsio məlumat yayıb.
Bildirilir ki, Turin klubu 25 yaşlı futbolçunun icarəsi üçün təxminən 2,5 milyon avro, birdəfəlik satın alma seçimi üçün isə 30 milyon avro təklif edir.
Lakin bu məbləğlər "qırmızı şeytanlar"ın tələb etdiyi rəqəmlərdən bir qədər fərqlənir. Premyer Liqa təmsilçisi ilkin icarə və yekun satın alma haqları daxil olmaqla, hücumçusunun satışından ümumilikdə 35 milyon avro əldə etmək niyyətindədir.
Coşuanın İtaliyaya qayıtmağa artıq razılıq verdiyi bildirilir. Zirkzee daha əvvəl A Seriyasında "Parma" (2020/2021) və "Bolonya"nın (2022-ci ilin avqustundan 2024-cü ilin iyulunun ortalarına qədər) formasını geyinib.
Xatırladaq ki, niderlandlı futbolçu məhz "Bolonya"dan "Mançester Yunayted"ə keçib. O, Mançester klubunun heyətində ümumilikdə 75 oyuna çıxıb, 9 qol vurub və 4 məhsuldar ötürmə edib.
Zirkzeenin "qırmızı şeytanlar"la hazırkı müqaviləsi 2029-cu il iyunun 30-na qədərdir, həmçinin razılaşmada əməkdaşlığın daha 1 il uzadılması bəndi də var. "Transfermarkt" portalı onun dəyərini 20 milyon avro qiymətləndirir.













