Beynəlxalq Futbol Federasiyası (FİFA) təşkilatın və onun prezidenti Canni İnfantinonun imicini yaxşılaşdırmaq məqsədilə Londonun "Ten Toes Media" marketinq agentliyi ilə təxminən 3,1 milyon dollar dəyərində müqavilə bağlayıb.

Matc.az xəbər verir ki, bu barədə Britaniyanın "The Times" qəzeti məlumat yayıb.

Bildirilir ki, müqavilə 2025-ci ilin martında bağlanıb və 2026-cı ilin sonuna qədər nəzərdə tutulub. Qəzetin tanış olduğu müqavilənin surətinə əsasən, agentlik FİFA-nın sosial şəbəkələrdəki hesablarının idarə olunmasına dəstək verməyə cavabdehdir.

İyul ayında məlum olub ki, İnfantino təşkilatın əsas kişi və qadın yarışlarına nəzarət edəcək bir şirkət yaratmaq istəyib. Onun fikrincə, "FIFA Forward Enterprise"ın yaradılması FİFA-ya üzv assosiasiyaların gəlirlərini artıracaq və bütün dünyada futbolun inkişafına töhfə verəcəkdi.

Beynəlxalq Futbol Federasiyasından bildirilib ki, bu sxem 4,2 milyard dollar cəlb edə bilərdi. Təşəbbüs funksionerlər, federasiyalar və digər təşkilatlar tərəfindən kütləvi şəkildə tənqid olunub və pislənilib.

Xüsusilə, İnfantinonun təklifini Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA), Şimali, Mərkəzi Amerika və Karib hövzəsi Futbol Konfederasiyası (KONKAKAF), Asiya Futbol Konfederasiyası (AFC) və Cənubi Amerika Futbol Konfederasiyası (KONMEBOL) rədd edib. Sonradan Afrika Futbol Konfederasiyası, Argentina Futbol Assosiasiyası və bir sıra digər milli federasiyalar Infantinoya dəstək nümayiş etdiriblər.

İnfantinonun 56 yaşı var, o, 2016-cı ilin fevralında FİFA prezidenti seçilib. Bundan sonra o, alternativsiz əsasda iki dəfə yenidən seçilib. FİFA rəhbərinin növbəti seçkiləri 2027-ci ilin martında Mərakeşdə keçirilməlidir. UEFA-dan bildiriblər ki, isveçrəli funksioner prezidentliyə namizədliyini irəli sürəcəyi təqdirdə onun namizədliyini dəstəkləməyəcəklər.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest