Fransanın "Marsel" klubu uzun müddətdir axtarışında olduğu yeni baş məşqçisini tapıb.

Matc.az xəbər verir ki, bu barədə məlumatı tanınmış insayder Fabrisio Romano paylaşıb.

Bildirilir ki, fransalı mütəxəssis Bruno Jenesio Provensal təmsilçisinə rəhbərlik etməyə razılıq verib. Tərəflər arasında əldə olunan razılığa əsasən, 59 yaşlı təcrübəli baş məşqçi ilə 2028-ci ilin yayına qədər qüvvədə olacaq müqavilə imzalanacaq və sözləşmədə əlavə bir mövsüm üçün uzadılma seçimi də yer alacaq. Bununla da, cari ilin fevral ayından bəri komandanı çalışdıran Həbib Beyenin "Marsel"dəki dönəmi başa çatacaq.

Zəngin karyeraya malik olan Bruno Jenesionun son iş yeri məhz cari ilin may ayının sonunda ayrıldığı "Lill" klubu olub və onun yerini Davide Ançelotti tutub. Fransa futboluna yaxından bələd olan mütəxəssis karyerası ərzində "Lill"lə yanaşı, "Vilfranş", "Bezanson", "Lion", "Beysin Quoan" və "Renn" kimi klublarda baş məşqçi kimi zəngin təcrübə toplayıb.

Təcrübəli mütəxəssis "Marsel"ə kifayət qədər mürəkkəb və gərgin bir dövrdə gəlir. Hazırda dərin maliyyə böhranı ilə üz-üzə qalan klubun 157 milyon avro borcu var. Bu irihəcmli borc komandanı gələcəkdə Avropa turnirlərindən kənarlaşdırılma təhlükəsi ilə qarşı-karşıya qoyduğu üçün Jenesionu yeni işində olduqca çətin bir sınaq gözləyir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest