AFFA İntizam Komitəsi I Liqanın 1-ci turu çərçivəsində keçirilən "Karvan" – "Mingəçevir" oyunu ilə bağlı bir sıra qərarlar verib. Matc.az xəbər verir ki, hər iki komandanın futbolçuları cəzalandırılıb.
 
"Karvan"ın oyunçusu Müşfiq Teymurov rəqib azarkeşlərə qarşı qeyri-etik jest edibsə, "Mingəçevir"in üzvləri Elçin Qasımov və Elvin Əlizadə isə təcavüzkar davranışa yol veriblər. Sonuncu hətta qırmızı vərəqə aldıqdan sonra oyunun rəsmi şəxslərini təhqir edib. Bu, oyunçuların 4 oyunluq cəzalanmasına, "Karvan"ın 350, "Mingəçevir"in isə 600 manat cərimələnməsinə səbəb olub.
 
Bundan başqa, "Mingəçevir"in məşqçisi Sönməz Quliyev matçın gedişində meydana daxil olaraq hakimin qərarına etiraz etdiyindən, 2 oyunluq diskvalifikasiya olunub, komandasını 150 manat ziyana salıb.
 
Azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atılması "Mingəçevir"in daha 80 manat cərimələnməsinə yol açıb. Həmçinin qonaqların fanatları tərəfindən rəqib futbolçunun ünvanına kütləvi şəkildə qeyri-etik ifadələr işlədildiyinə və bu hal mövsümdə ilk dəfə yaşandığına görə, "Mingəçevir"ə xəbərdarlıq edilib.
 
Görüş bitdikdən sonra meydançaya kənar şəxslərin daxil olması ucbatından isə "Karvan" 80 manat cərimə olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest