Futbol üzrə Slovakiya Super Liqasının “Jilina” – “Dunayska Streda” oyununda meydan sahibi komandanın futbolçusu Vahan Biçaxçyan qol sevinci zamanı oyun geyiminin altındakı futbolkanın üzərində yazılmış Ermənistan əsgərlərinə dəstək şüarını (ingilis və erməni dillərində) nümayiş etdirib.
 
Matc.az xəbər verir ki, məsələ ilə bağlı AFFA tərəfindən Slovakiya Futbol Assosiasiyasına məktub ünvanlanıb, mövcud qaydalara əsasən futbol oyunları zamanı hər hansı siyasi şüarların səsləndirilməsi və ya nümayişinin qadağan olunduğu qeyd edilib.
 
Bu gün Slovakiya Futbol Assosiasiyası tərəfindən AFFA-nın müraciətinə cavab verilib. Məktubda qeyd olunub ki, AFFA-nın müraciətinə uyğun olaraq, məsələyə Slovakiya Futbol Assosiasiyasının İntizam Komitəsi tərəfindən baxılıb və futbolçu Vahan Biçaxçyana yol verdiyi hərəkətə görə intizam sanksiyası tətbiq edilərək xəbərdarlıq edilib.
 
Xatırladaq ki, UEFA-nın əməkdaşı Monika Mxitaryan da bir müddət əvvəl sosial şəbəkədə tarixi Azərbaycan torpaqları ilə bağlı həqiqətə uyğun olmayan paylaşımlar etdiyi üçün AFFA Avropa futbol təşkilatına müraciət etmiş, UEFA-nın məsələni araşdırmağa başlamasından sonra M.Mxitaryan həmin paylaşımları sosial şəbəkələrdən silmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest