“Musa Qurbanlı çətin vəziyyətə düşüb. Ardıcıl iki oyun komandadan kənarda qalmaq acınacaqlı haldı”. Matc.az xəbər verir ki, bunu “Yurqorden”in baş məşqçisi Tomas Lagerlöf ölkəsinin mətbuatına açıqlamasında deyib.
 
Çalışdırıcı Azərbaycan millisinin üzvünün son iki görüşün iştirak ərizəsinə düşə bilməməsini rəqabətlə əlaqələndirib: “Yalnız 20 oyunçunun iştirak ərizəsinə düşməsi acınacaqlı hal yaradır. Ehtiyat oyunçular skamyasında üç hücumçumuz, bir neçə hücumameyilli yarımmüdafiəçimiz var idi. Bunların daha yaxşı alternativ olduğuna qərar verdik”.
 
Baş məşqçinin fikrincə, 22 yaşlı forvard hazırda çətin duruma düşüb: “Qurbanlı bir az depressiyaya düşmüş kimi görünür. İndiki durumda kənarda qalmaq dezavantajdı. Əminəm ki, Musa vəziyyətdən çıxa biləcək. Başa düşürəm ki, ağırdı. Bunun əziyyətini isə hamımız çəkirik”.
 
Qeyd edək ki, İsveç çempionatının 2024 mövsümündə cəmi 1 oyun keçirən Musa Qurbanlının “Yurqorden”lə müqaviləsi 2026-cı ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest