“Real Madrid” daim “Barselona” haqqında danışır. Sonda onlardan bunun üçün qonorar tələb etməli olacağıq. Çünki onlar “Barselona”nın hesabına özlərini reklam edirlər”.

Matc.az xəbər verir ki, bunu “Barselona”nın prezidenti Joan Laporta Bakıda mətbuat nümayəndələrinə açıqlamasında deyib

Klub rəhbəri Çempionlar Liqasının əsas mərhələsində bu gün “Sabah”la qarşılaşacaq komandanın səfəri ərəfəsində Madrid təmsilçisi ilə münasibətlər, mümkün məhkəmə prosesi və digər məsələlərə toxunub.

Laporta “Real Madrid”lə bağlı məhkəmə çəkişməsinə də münasibət bildirib. O, tərəflər arasında barışıq görüşünün bu gün keçiriləcəyini və nəticədən sonra növbəti addımların müəyyənləşdiriləcəyini söyləyib.

“Biz “Barselona”nın maraqlarını müdafiə etməyə davam edəcəyik və klub haqqında həqiqətə uyğun olmayan fikirlərin səsləndirilməsinin qarşısını almağa çalışacağıq. İstəyimiz deyilənlərin təkzib olunmasıdır. Əgər bu baş verməsə, hüquqi proseduru davam etdirməli olacağıq”

Laporta barışıq görüşünün mümkün cinayət işi üzrə iddiadan əvvəlki mərhələ olduğunu da vurğulayıb. Onun sözlərinə görə, qarşı tərəfə səsləndirdiyi fikirləri düzəltmək və təkzib etmək imkanı verilib.

“Görürəm ki, onlar yenə də eyni mövqedədirlər. Düşünürəm ki, diqqəti öz problemlərindən yayındırmaq istəyirlər. “Real Madrid” öz işləri ilə məşğul olmalı, başqalarını rahat buraxmalıdır”, – deyə klub prezidenti əlavə edib.

“Barselona” rəhbəri komandanın yarımmüdafiəçisi Fermin Lopesə verilə biləcək cəza məsələsinə də toxunub. O, hələlik futbolçu ilə bağlı yekun qərarın açıqlanmadığını bildirib:

“Düşünürəm ki, hələ cəza barədə qərarı almamışıq. Bunun bir, yoxsa iki oyunluq olacağını bilmirik. Biz də klubun maraqlarını müdafiə edəcək və cəzanın minimum həddə olmasına çalışacağıq. Fermin dünən bizə nə dediyini izah etdi. Bunlar futbol matçı zamanı gərginlik şəraitində baş verən hadisələrdir”.

Laporta baş məşqçi Hans-Diter Flikin açıqlamalarına da dəstək verib. Onun fikrincə, hər kəs öz vəzifəsini yüksək səviyyədə yerinə yetirməlidir.

“Düşünürəm ki, Hansi düşündüklərini deməklə düzgün edir. Bu, hər kəsin öz işini yüksək səviyyədə görməsinə kömək edir. Bəziləri futbol oynayır, digərləri komandaya rəhbərlik edir, hakimlər isə öz vəzifələrini yerinə yetirirlər”.

Bakıda olmaqdan məmnunluğunu ifadə edən Laporta “Barselona” azarkeşlərinin dünyanın müxtəlif ölkələrində olmasının klub üçün böyük əhəmiyyət daşıdığını qeyd edib

“Burada olmaqdan çox məmnunuq. Bir qədər əvvəl Bakıda “Barselona” azarkeşləri ilə görüşdüm. Xoşbəxtlikdən, bu kluba sevgi dünyanın hər yerində var. Bu, bizə güc verir. Dünyanın müxtəlif ölkələrində yaşayan azarkeşlərimizlə fəxr edirik. Bu da “Barselona”nın daha da güclənməsi və tanınması üçün çalışmağımıza kömək edir”.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq. Görüşü şotlandiyalı FIFA referisi Nikolas Uolş idarə edəcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest