2025-ci il Afrika Millətlər Kubokunun finalında qalibin müəyyənləşdirilməsi ilə bağlı Mərakeş və Seneqal arasında yaranmış mübahisə davam edir.
Matc.az "RMC Sport"a istinadən xəbər verir ki, İdman Arbitraj Məhkəməsinin (CAS) iş üzrə qərarını yaxın vaxtlarda açıqlaması gözlənilsə də, Mərakeş tərəfi Seneqalı məhkəmə nümayəndələri ilə qanunsuz əlaqələrdə ittiham edir.
Məlumata əsasən, işə baxan üç CAS hüquqşünasından biri bu yaxınlarda Seneqal Futbol Federasiyasının rəhbəri ilə telefon danışığı aparıb. Halbuki mövcud prosedur qaydalarına əsasən, mübahisə tərəflərinə iş üzrə təyin edilmiş hüquqşünaslarla məhkəmə prosesindən kənar əlaqə saxlamaq qadağandır.
Bu səbəbdən Mərakeş tərəfinin sözügedən telefon danışığı ilə əlaqədar Seneqala qarşı şikayət verə biləcəyi bildirilir. Bununla belə, nəşrin Seneqal Futbol Federasiyası ilə əlaqəli bir neçə mənbədən aldığı məlumata görə, həmin telefon danışığı faktı təsdiqlənməyib.
Qeyd edək ki, qalmaqal Afrika Millətlər Kubokunun finalında baş verən hadisələrlə bağlıdır. Görüşün 90+9-cu dəqiqəsində baş hakim Jan-Jak Nqambo Ndala Mərakeş millisinin xeyrinə penalti təyin edib. Buna etiraz olaraq Seneqal yığmasının futbolçuları meydanı tərk ediblər. Qarşılaşmada yaranmış fasilə 15 dəqiqədən çox davam edib. Daha sonra Seneqal millisinin kapitanı Sadio Mane komanda yoldaşlarını oyuna qayıtmağa razı salıb.
90+23-cü dəqiqədə Mərakeş millisinin futbolçusu Brahim Dias penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib. O, “Panenka” üslubunda vurduğu zərbə ilə topu qapıçı Eduar Mendinin əllərinə göndərib. Əlavə vaxtda isə Seneqal millisinin yarımmüdafiəçisi Pap Qeye komandasına qələbə qazandıran yeganə qolu vurub.
Mart ayında Afrika Futbol Konfederasiyasının (CAF) Apellyasiya Komitəsi Seneqal millisinə 0:3 hesablı texniki məğlubiyyət verib və çempionluq titulunu Mərakeşə təqdim edib. Hazırda tərəflər arasındakı mübahisənin yekun taleyi CAS-ın qərarından asılıdır.







_1695469752.jpg)
_1795532362.jpg)



