20 Noyabr 2026, 17:14
FUTBOL
Premyer Liqanın XII turunda “İmişli” ilə “Zirə” arasında keçirilən görüş 2:2 hesabı ilə başa çatıb. Matc.az xəbər verir ki, qarşılaşmadan sonra “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.
Mütəxəssis komandasının 2:0 hesablı üstünlüyü əldən verməsini məyusedici adlandırıb. Onun sözlərinə görə, 70-ci dəqiqəyə qədər yaxşı futbol nümayiş etdirən və qol epizodları yaradan “Zirə” cəmi beş dəqiqə ərzində üstünlüyünü itirib.
Sadıqov komandasının müdafiədə ciddi boşluqlar verməməsinə baxmayaraq, rəqibin qapıya yönəltdiyi üç zərbənin ikisinin qolla nəticələnməsinə diqqət çəkib. Baş məşqçi uğursuz statistikanı növbəti oyunlarda dəyişməyə çalışacaqlarını bildirib.
Hakim qərarları və qısa müddətdə təyin olunan penaltilərlə bağlı danışan Sadıqov epizodları ətraflı təhlil etmədiklərini vurğulayıb. O, xüsusilə oyuna cəmi üç dəqiqə əlavə olunmasını və VAR müdaxiləsi zamanı itirilən vaxtı nəzərə alaraq, əlavə vaxtın az olduğunu düşündüyünü deyib.
Mütəxəssis komandasının mövsüm ərzində çoxsaylı qol imkanlarından yararlana bilmədiyini də qeyd edib. Sadıqovun fikrincə, “Zirə” yaradılan qol epizodlarının sayına görə çempionatın ən yaxşı üç komandası sırasındadır. O, həmçinin zədələrin və bəzi hakim qərarlarının komandanın nəticələrinə təsir etdiyini bildirib.
Rəşad Sadıqov milli komandanın qrup liderliyini qazanmasını təqdir edib və Ayxan Abbasovu təbrik edib. O, karyerasını başa vuran Emin Mahmudovun Azərbaycan futboluna böyük töhfə verdiyini vurğulayaraq, onun millidəki yerini doldurmağın asan olmayacağını söyləyib.













