19 Noyabr 2026, 23:49
FUTBOL
“İlk növbədə, bu gün burada olmaq və Ali Baş Komandanın rəhbərliyi altında qəhrəman Azərbaycan ordusunun antiterror əməliyyatından sonra işğaldan azad olunmuş Xankəndidə, yenidən qurulmuş şəhər stadionunda Azərbaycan çempionatının oyununu izləmək əvəzolunmaz hisslərdir. Stadionun müasir standartlara uyğunlaşdırılması, burada yaradılan şərait təqdirəlayiqdir. Bu əməyə görə xüsusilə Cənab nazir Fərid Qayıbovun simasında Gənclər və İdman Nazirliyinə təşəkkür düşür. Əlbəttə, bu gün təkcə futbol oyunu izləmədik, həm də Azərbaycan futbolunun ölkəmizin hər bir bölgəsində təbliği, inkişafı baxımından əlamətdar hadisənin şahidi olduq”.
Matc.az xəbər verir ki, bu sözləri Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov jurnalistlərə açıqlamasında söyləyib.
O, 1-ci Liqanın “Xankəndi” – “Karvan-Yevlax” matçının yenilənmiş Xankəndi şəhər stadionunda keçirilməsi barədə danışarkən bunları qeyd edib:
“İlk növbədə, burada olmaq və Xankəndidə çempionat matçını izləmək mənim üçün xüsusi hisslər doğurur. Son illərdə Birinci Liqanın səviyyəsinin yüksəlməsi göz qabağındadır.
Hazırda burada maraqlı rəqabət var və çempionluq uğrunda bir neçə komanda mübarizə aparır. Ümumilikdə, məqsədimiz futbolun yalnız paytaxtda deyil, ölkəmizin bütün bölgələrində inkişafına, futbol coğrafiyasının genişlənməsinə şərait yaratmaqdır. Bildiyiniz kimi, stadion UEFA-nın 3-cü kateqoriyasına aiddir, nəinki Premyer Liqa, beynəlxalq oyunları belə bu stadionda keçirmək olar. İnanıram ki, bu arena gələcəkdə də maraqlı qarşılaşmalara ev sahibliyi edəcək və Xankəndidə futbol ənənələrinin bərpasına mühüm töhfə verəcək”.













