“Liverpul” və “Çelsi”nin sabiq hücumçusu Fernando Torres 2011-ci ildə London klubuna keçidi ilə bağlı fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, ispaniyalı futbolçu “Çelsi”yə keçmək qərarından peşman olmadığını, lakin bu addımın “Liverpul” azarkeşlərinə yaşatdığı məyusluğa görə təəssüfləndiyini bildirib.
Torresin sözlərinə görə, baş məşqçi Rafael Benitesin ayrılmasından və aparıcı futbolçuların komandadan getməsindən sonra Mersisayd təmsilçisində vəziyyət dəyişib: “Onlar ən yaxşı futbolçularımızı satmağa başladılar. Xabi Alonso “Real”a Xavyer Maskerano isə “Barselona”ya keçdi. Biz kuboklar qazanmağa çox yaxın idik. Lakin heyəti gücləndirmək əvəzinə, komandaya o qədər də yüksək səviyyəli olmayan futbolçular gətirildi”.
Qeyd edək ki, Fernando Torres 2011-ci ilin yanvarında qış transfer pəncərəsinin son günündə 50 milyon funt-sterlinq qarşılığında “Çelsi”yə keçib. Bu transfer həmin dövrdə Britaniya futbolu tarixinin rekord göstəricisi olub.













