20 Noyabr 2026, 13:51
FUTBOL
“Çelsi”nin ukraynalı futbolçusu Mixaylo Mudrik dopinq qalmaqalı ilə bağlı ilk dəfə ətraflı danışıb və meldoniumun orqanizminə Ukraynada düşə biləcəyini iddia edib. Ukrayna Futbol Assosiasiyasının prezidenti Andrey Şevçenko isə futbolçudan ittihamlarını sübut etməsini tələb edib.
Matc.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi jurnalist Dmitri Qordona müsahibəsində dopinq işi ətrafında yaşananlardan, UAF-ın mövqeyindən və həmin dövrdə Şevçenko ilə münasibətlərindən danışıb.
Mudrikin sözlərinə görə, həmin dövrdə Ukraynaya əsasən milli komandanın oyunları ilə əlaqədar səfər etdiyindən meldoniumun orqanizminə məhz bu ölkədə düşməsi ehtimalını irəli sürüb. O, Ukrayna Futbol Assosiasiyasının məsələyə reaksiyasını da tənqid edib.
Müsahibənin yayımlanmasından sonra futbolçu sosial şəbəkələrdə sərt tənqidlərlə üzləşib. Azarkeşlərin bir qismi onu həqiqəti təhrif etməkdə və UAF-ın nüfuzuna xələl gətirməyə çalışmaqda ittiham edib. Digər istifadəçilər isə müsahibənin rus dilində aparılmasına etiraz ediblər.
Müsahibənin diqqətçəkən məqamlarından biri də Qordonun dünyanın ən yaxşı şəhəri ilə bağlı sualı olub. Mudrik əvvəlcə “Ukrayna” cavabını versə də, daha sonra fikrini düzəldib.
UAF prezidenti Andrey Şevçenko da Mudrikin ittihamlarına münasibət bildirib. “Sport.ua”nın məlumatına görə, federasiya rəhbəri futbolçudan iddialarını təsdiqləyən sübutlar təqdim etməsini tələb edib. Şevçenko bildirib ki, ittihamların əsassız olduğu ortaya çıxarsa, Mudrikdən üzr gözləyir.
Qeyd edək ki, Mixaylo Mudrik dopinq testinin müsbət nəticələnməsindən sonra 2024-cü ilin dekabrından futboldan kənarda qalıb. Onun işinə İngiltərə Futbol Assosiasiyası tərəfindən baxılır.













