"Guya ki, qapıçının belinə vururmuş, topa dəyib. Belə qərar hardan çıxıb? Mən başa düşmürəm. Top əlinə dəydisə, fakt penaltidir"

Premyer Liqanın X turunda keçirilən "Sumqayıt" - "Şəfa" oyunu (1:1) mübahisəli hakim qərarı ilə yadda qalıb. Matc.az xəbər verir ki, "Sumqayıt"ın mərkəz müdafiəçisi İsa Suliman top qapıçıları Marko Yohansonda olarkən ona əli toxunub.
 
Qarşılaşmanın baş hakimi Nicat İsmayıllı isə qayda pozuntusu qeydə almayıb. "Şəfa" futbolçuları buna etiraz etsə də, hakimin qərarı dəyişməyib.
 
Oyundan sonra "Şəfa" klubunun vitse-prezidenti Əfran İsmayılov jurnalistlərə epizodla bağlı fikirlərini bildirib:
 
“Açığı, mən futbol oynadığım dönəmdə də hakim idarəçiliyi ilə bağlı heç vaxt danışmamışam. İndi 1:0 udurduq, rəqibin sonuncu müdafiəçisi, hansı ki, sarı vərəqəsi var idi və gedir cərimə meydançasında topa əli ilə vurur. Bilərəkdən topu əlinin içi ilə vurur. Həmin vaxt sarı vərəqə və penalti, oyun da 2:0 olsa,  rəqib bir nəfər azlıqda qals artıq daha yaxşı oynayacaqdıq. Belə şeyi həqiqətən gözləməzdim.
 
Mənə çox maraqlıdır ki, bu nə qərardır? Mən bunu hakimlərdən soruşdum. Deyirlər ki, futbolçu bilə-bilə etməyib, təsadüfən olub. Guya ki, qapıçının belinə vururmuş, topa dəyib. Belə qərar hardan çıxıb? Mən başa düşmürəm. Top əlinə dəydisə, fakt penaltidir. Bunun qaçılası yeri yoxdur. Sadəcə, mənə maraqlıdır ki, Rəhim Həsənov (AFFA Hakimlər Komitəsinin sədri) buna nə açıqlama verəcək. Həqiqətən üzücüdür, amma nə etmək olar”.
 
 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest