03 Noyabr 2026, 10:36
FUTBOL
Dambrauskas İngiltərəyə həyat yoldaşı İnqrida ilə birlikdə yollandığını, ölkəyə giriş zamanı sənədlərinin təxminən iki saat yoxlanıldığını da xatırlayıb.
“Sabah”ın ötən və cari mövsümdəki nəticələri UEFA-nın da diqqətindən yayınmayıb. Matc.az xəbər verir ki, qitə futbol qurumu Azərbaycan çempionunun uğurlarının memarı Valdas Dambrauskasla bağlı geniş məqalə dərc edib.
Yazıda litvalı mütəxəssisin bu yolda ilk addımlarını necə atmasından, qatıldığı “Kim milyonçu olmaq istəyir?” verilişində qazandığı pulla məşqçilik kursu oxumasından bəhs edilib.
Dambrauskas yarışda iştirakını və qazandığı pulun həyatındakı rolunu belə xatırlayıb: “Yarışmaya özünü sınamaq üçün qatılırsan. Harasa getmək və ya nəsə etmək üçün pul qazanmaq kimi xüsusi planım yox idi. 2002-ci ilin aprel ayı idi və yenicə 25 yaşım tamam olmuşdu. İşləyirdim, eyni zamanda Şyaulyay Universitetində fəlsəfə və sosial elmlər üzrə qiyabi təhsil alırdım”.
O, həmin verilişdə 1000 avrodan bir qədər çox pul qazanıb ki, həmin məbləğ təxminən 10 aylıq əməkhaqqına bərabər olub.
Mütəxəssis qazandığı pulun birbaşa məşqçilik kurslarına xərclənməsi barədə yayılan fikirlərə də aydınlıq gətirib: “Əslində, pul ilk növbədə universitetdəki təhsil haqqımı ödəməyə kömək etdi. Daha sonra xaricə getmək imkanı yarandı. İngiltərəyə getmək üçün aviabiletlər, dil kursu, yaşayış yeri və bank hesabında müəyyən məbləğin olması tələb olunurdu. Qazandığım pulun böyük hissəsi məhz bunlara xərcləndi”.
Dambrauskas İngiltərəyə həyat yoldaşı İnqrida ilə birlikdə yollandığını, ölkəyə giriş zamanı sənədlərinin təxminən iki saat yoxlanıldığını da xatırlayıb.
Sonrakı illərdə o, Litvanın U-17 və U-19 millilərinə rəhbərlik edib, daha sonra Litva, Latviya, Xorvatiya, Bolqarıstan, Yunanıstan, Kipr və Macarıstanda müxtəlif klublarda çalışıb. 2025-ci ildə “Sabah”a rəhbərlik etməyə başlayan mütəxəssis Azərbaycan klubunu ölkə çempionu və kubokun qalibi edib, UEFA Çempionlar Liqasının liqa mərhələsinə daşıyıb (futbolinfo.az).













