02 Noyabr 2026, 17:50
FUTBOL
Sabah UEFA Çempionlar Liqasının liqa mərhələsinin oyunları keçiriləcək. Matc.az xəbər verir ki, “Barselona” doğma meydanda İngiltərənin “Aston Villa” klubunu qəbul edəcək.
Bakı vaxtı ilə gecə yarısı (00:00) başlanacaq qarşılaşma öncəsi Kataloniya təmsilçisinin baş məşqçisi Hansi Flik mətbuat konfransında iştirak edib. Rəqibə hörmətlə yanaşdıqlarını vurğulayan alman mütəxəssis “Aston Villa”nı tərifləyib:
“Bütün diqqətimizi yalnız bu qarşılaşmaya yönəltmişik. Onlar fantastik komandadı. Unay Emeri isə şübhəsiz ki, Avropanın ən yaxşı məşqçilərindən biridir”.
Oyunun əhəmiyyətindən danışan Flik komandanın böyük hədəflərə kökləndiyini bildirib:
“Əsas məqsədimiz liqa mərhələsində ilk səkkizliyə düşməkdir. Eyni zamanda, həm La Liqanı, həm də Çempionlar Liqasını qazanmaq istəyirik”.
Jurnalistlərin suallarını cavablandırarkən Flik bəzi medianın yanaşmasından narazılığını gizlətməyib. Komandanın ümumi gedişatına toxunan baş məşqçi sərt tonda bildirib:
“Komanda ardıcıl 11 oyun qazanıb, amma siz mətbuat olaraq iki məğlubiyyətə daha çox diqqət yetirirsiniz”.












