Beynəlxalq futbol turnirlərinin təşkili yalnız meydandakı mübarizə ilə deyil, həm də ev sahibi ölkənin təşkilatçılıq potensialı ilə yadda qalır. Az öncə Bakıda başa FIFA U-15 dünya çempionatı və festivalı da həm idman baxımından, həm də Azərbaycanın belə miqyaslı tədbirlərə ev sahibliyi etmək imkanlarını nümayiş etdirməsi baxımından əlamətdar olub.
Turnirin yekunları və komandasının çıxışı barədə danışan Famil Xəlilov matc.az saytına təşkilatçılıq səviyyəsini yüksək qiymətləndirib.
O bildirib ki, stadionlardan tutmuş qidalanma, nəqliyyat, əyləncə proqramları, açılış və bağlanış mərasimlərinədək bütün detallar diqqətlə düşünülüb:
“İlk növbədə qeyd etmək istəyirəm ki, turnirin təşkilatçılığı həqiqətən yüksək səviyyədə idi. Stadionlardan tutmuş qidalanma, nəqliyyat, əyləncə, açılış və bağlanış mərasimlərinə qədər hər bir detal düşünülmüş və yüksək səviyyədə təşkil olunmuşdu.
Bu, dünyada ilk olmasına baxmayaraq, ölkəmiz bu böyük tədbirə tam hazır olduğunu göstərdi. Şəxsi müşahidələrim, eləcə də qonaqlarda yaranan təəssüratlar bunu bir daha təsdiqləyirdi. Hər kəsin məmnun və xoşbəxt olduğunu görmək çox sevindirici idi. Bu işdə əməyi olan hər kəsə böyük təşəkkür və alqış düşür”.
Komandasının turnirdəki çıxışına da toxunan Xəlilov nəticələrin birmənalı olmadığını, yarışın sonlarına doğru müəyyən eniş yaşadıqlarını etiraf edib: “Komandamızın turnirdəki çıxışına gəldikdə isə, həm yaxşı, həm də zəif oyunlarımız oldu. Yarışa kifayət qədər yaxşı başladıq, çox uğurlu və yaddaqalan oyunlar keçirdik. Lakin turnirin sonlarına doğru komandada müəyyən eniş müşahidə olundu.
Ümumilikdə, bu çempionat həm futbolçularımız, həm də mənim üçün çox dəyərli təcrübə oldu. Bu çempionatdan çox şey öyrəndik, özümüzü fərqli səviyyədə sınamaq imkanı qazandıq. İnanıram ki, əldə etdiyimiz təcrübə və çıxardığımız dərslər gələcək fəaliyyətimizdə və inkişafımızda bizə böyük fayda verəcək”.
Qeyd edək ki, Azərbaycan millisi FIFA U-15 dünya çempionatını 84-cü pillədə başa vurub.













