AFFA İntizam Komitəsi Azərbaycan Kubokunun II təsnifat mərhələsində qeydə alınan pozuntulara hüquqi qiymət verib. Matç.az xəbər verir ki, futbolçulara diskvalifikasiya və klublara maliyyə sanksiyaları tətbiq edilib.
“Səbail” – “Zirə” oyununun 80-ci dəqiqəsində ikinci sarı vərəqə alan “Səbail” futbolçusu Samuel Nonqoh bir oyunluq cəzalandırılıb. Komanda isə 150 manat cərimə ediləcək. Həmin matçda dörd futbolçusu sarı vərəqə alan “Zirə” 700 manat ödəyəcək.
MOİK – “Şahdağ Qusar” görüşünün 73-cü dəqiqəsində təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alan MOİK futbolçusu Zahid Mərdanov üç oyunluq cəzalandırılıb, Klub 900 manat cərimə olunub.
“Şəfa” – “Ağstafa Gəncləri” oyununda komanda həkiminin olmamasına görə “Ağstafa Gəncləri” 100 manat cərimələnib.
“Gəncəbasar”la matçda altı futbolçusu sarı vərəqə alan “Xankəndi” 210 manat cərimə ediləcək.
“Zəngəzur” – “Karvan-Yevlax” oyunu təcili tibbi yardım avtomobilinin olmaması səbəbindən gec başladığı üçün “Zəngəzur” 200 manat ödəyəcək.













