“Tottenhem”ın braziliyalı hücumçusu Rişarlison Braziliya senatoru, keçmiş prezident Jair Bolsonarunun oğlu Flavio Bolsonaro ilə əlaqəli şəxsləri ona məxsus adanı ələ keçirməkdə ittiham edib. Matc.az xarisi mediaya istinadən xəbər verir ki, Braziliya Prezidenti Luiz İnasio Lula da Silva məsələ ilə bağlı araşdırma aparılması üçün Federal Polisə göstəriş verəcəyini bildirib.
Rişarlisonun iddiasına görə, o, Rio-de-Janeyro ştatının Anqra-dos-Reys bələdiyyəsində yerləşən adaya 10 milyon Braziliya realı (təxminən 2 milyon ABŞ dolları) sərmayə qoyub. Futbolçu bildirib ki, Flavio Bolsonaro həmin əmlakı almaq istəyib, lakin o, adanı satmaqdan imtina edib.
Rişarlisonun sözlərinə görə, bundan sonra Flavio Bolsonaro və Viller Tomaz adlı vəkil heç bir ödəniş etmədən, cəmi 24 saat ərzində adaya nəzarəti ələ keçiriblər.
Viller Tomaz isə futbolçunun ittihamlarını rədd edib. Vəkil iddia edir ki, Rişarlison adanı qanunsuz məskunlaşan şəxslərdən əldə edib. O, həmçinin əmlakın alınmasını təsdiqləyən etibarlı alqı-satqı sənədinə malik olduğunu bildirib.
Braziliya Prezidenti Lula da Silva məsələ ilə bağlı Rişarlisonu əmin etməyə çalışıb və hadisənin bütün təfərrüatlarının araşdırılacağını vəd edib.
“Biz bu məsələni araşdırırıq. Əmin ol, əziz dostum... Hələlik bütün həqiqəti açıqlamayacağam. Bir az səbirli ol. Hər şeyin kökünü araşdırıb üzə çıxaracağıq” – deyə, Lula bildirib.
Qeyd edək ki, adanın kimə məxsus olması və ona nəzarətin hansı əsaslarla dəyişməsi ilə bağlı tərəflərin iddiaları bir-birindən fərqlənir. Məsələnin hüquqi tərəflərinə aydınlıq gətirilməsi üçün rəsmi araşdırmanın nəticələri gözlənilir.



_1558556132.jpg)









