Paraqvay çempionatında çıxış edən "Sportivo Ameliano" klubu oyunları işıqlandıran media mənsubları üçün tətbiq etdiyi geyim qaydalarına görə qalmaqal mərkəzinə düşüb. Matc.az xəbər verir ki, klub tərəfindən yayımlanan təlimatda şort, dərin dekolteli geyimlər və qarın nahiyəsini açıq qoyan üst geyimləri qadağan edilib.

Dar idman şalvarlarına isə yalnız qara və ya tünd mavi rəngdə olduğu halda icazə verilib.  Məhdudiyyət adətən meydan kənarında çalışan 29 yaşlı fotoqraf Adriana Kabalyeronun geyiminin "uyğunsuz" hesab edilməsindən sonra gündəmə gəlib. Klub rəhbərliyi ilk açıqlamasında bu addımı peşəkar mühiti və təşkilatın imicini qorumaqla əsaslandırmağa çalışıb:

 

"Klubun imicinə uyğun, peşəkar və hörmətli bir mühiti saxlamaq üçün bütün fotoqraf və jurnalistlərdən müəyyən olunmuş geyim qaydalarına riayət etmələrini xahiş edirik".

Qərardan şoka düşdüyünü bildirən A.Kabalyero geyim seçimində əsasən rahatlığına üstünlük verdiyini vurğulayıb:

"Həmişə özümə rahat olan şəkildə geyinirəm. Bəyanatı oxuyanda şoka düşdüm, amma anladım ki, bu, gec-tez baş verməli idi. Təəssüf ki, bu qərar digər həmkarlarıma da mənfi təsir göstərə bilər".

Sosial şəbəkələrdə geniş tənqid dalğasına səbəb olan hadisədən sonra "Sportivo Ameliano"nun prezidenti Ektor Melqarexo məsələyə müdaxilə edib. Klub rəhbəri bildirib ki, sözügedən qaydalar rəhbərliyin xəbəri olmadan əməkdaşlardan biri tərəfindən özbaşına tətbiq edilib. Melqarexo baş verənləri kobud səhv adlandıraraq ictimaiyyətdən rəsmi şəkildə üzr istəyəcəklərini bəyan edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest