22 Oktyabr 2026, 18:27
FUTBOL
Azərbaycan millisinin heyətində əsas yığma səviyyəsinə yüksələcək futbolçular var. Matc.az xəbər verir ki, bunu Azərbaycan millisinin sabiq futbolçusu Arif Əsədov Bakıda keçiriləcək U-15 dünya çempionatı ilə bağlı jurnalistlərə açıqlamasında deyib.
"Azərbaycan artıq neçənci dəfədir ki, belə mötəbər yarışlara ev sahibliyi edir. Qısa müddətdə müvafiq infrastrukturun tikilib istifadəyə verilməsi böyük uğurdur. Buna görə AFFA-ya və müvafiq qurumlara təşəkkürümüzü bildiririk. Dünya çempionatı futbolda ən mötəbər yarışdır. Belə bir turnirin ölkəmizdə keçirilməsi, eləcə də hər bir futbolçunun burada iştirak etməsi böyük uğurdur", - deyə o bildirib.
Azərbaycan millisinin sabiq məşqçisi yığmada yer alan yeniyetmə oyunçuların gələcəkdə güclü futbolçu kimi yetişəcəklərinə inandığını bildirib:
"Düşünürəm ki, onların arasında gələcəkdə Azərbaycan futbolunda uğur qazanacaq, əsas milli komanda səviyyəsinə yüksələcək futbolçular var. Bu, onların ilk beynəlxalq yarışıdır. Hər birinə uğurlar arzulayırıq və ümid edirik ki, yaxşı nəticə əldə edəcəyik".
Xatırladaq ki, U-15 dünya çempionatı və festivalı oktyabrın 24-30-da Hövsan Yarış Kompleksində baş tutacaq. Turnirin açılış və final görüşü Bakı Kristal Zalında keçiriləcək.
Yarışın ilk oyunları oktyabrın 24-də başlayacaq. 189 ölkənin iştirakı və 1000-ə yaxın matçın keçirilməsi nəzərdə tutulan turnir dünyanın müxtəlif nöqtələrindən yeniyetmə futbolçuları bir araya gətirəcək.
Azərbaycan millisi turnir çərçivəsində ilk oyununu oktyabrın 24-də, saat 19:30-da "Crystal Hall"da Timor-Leste yığmasına qarşı keçirəcək. Komanda oktyabrın 25-də, saat 12:45-də Andorra, saat 19:30-da isə Avstraliya yığması ilə qarşılaşacaq. Bu iki görüş Hövsan Yarış Kompleksinin 10A meydançasında baş tutacaq.
Milli komanda oktyabrın 26-da, saat 11:30-da İsrail, saat 18:15-də isə Haiti yığması ilə həmin meydançada üz-üzə gələcək (report).













