Xose Luis Mendilibar Yunanıstanın "Olimpiakos" klubunun baş məşqçisi postunu tərk edib.
Matc.az xəbər verir ki, bu barədə Pirey təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasındakı müqavilənin ləğv edilməsinin səbəbləri hələlik məlum deyil. İspaniyalı mütəxəssisin Yunanıstan klubu ilə 2027-ci ilin yayına qədər sözləşməsi var idi.
Klubun rəsmi bəyanatında bu fikirlərə yer verilib: "Mendilibar hər zaman klubumuzun tarixinin bir parçası olaraq qalacaq. O, "Olimpiakos"un əfsanələr panteonunda və bütün qırmızı-ağ ailəmizin qəlbində hər zaman xüsusi yer tutacaq. Lakin futbolda da, həyatda olduğu kimi, bütün hekayələr gec-tez başa çatır. Sizin qazandığınız uğurlar isə əbədi yaşayacaq. "Olimpiakos" ailəsinin minnətdarlığı, hörməti və sevgisi hər zaman sizinlə olacaq, general! Bizi birləşdirən və heç vaxt yox olmayacaq o dərin duyğular hər zaman yaşayacaq".
Təcrübəli mütəxəssis Yunanıstan komandasına 2024-cü ilin fevralında gəlmişdi. Onun rəhbərliyi altında "Olimpiakos" ölkə çempionu olub, Yunanıstan Kubokunu və Superkubokunu qazanıb. Həmçinin bu ölkənin futbol tarixində ilk dəfə olaraq avrokubok kubokunu – 2023/24 mövsümündə Konfrans Liqasını muzeyinə aparıb.













