"Mançester Yunayted" UEFA Çempionlar Liqası Liqa mərhələsinin I turu çərçivəsində "Old Trafford"da "Sabah"ı qəbul edəcək.
Matc.az xəbər verir ki, "qırmızı şeytanlar"ın baş məşqçisi Maykl Kerrik oyundan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Bir neçə illik fasilədən sonra Çempionlar Liqasına qayıtdız. Sabahkı oyuna, həm də bir neçə gün sonra keçiriləcək Mançester derbisinə necə yanaşacaqsınız?
- Burada olmaq üçün çox çalışdıq. Çempionlar Liqasında olmaq əladır. Oyunu səbirsizliklə gözləyirik. Qarşıda böyük sınaqlar və başlamaq üçün fantastik oyunlar var.
- Məşqdə Lyuk Şou yox idi. O, sabah üçün heyətdə olacaq?
- Biz sadəcə olaraq Lyuk üçün bu gün əlavə bərpa günü ayırdıq. Ona görə də sabah necə olacağını görəcəyik.
- Avropanın elit futbolunda oynamaq sizin üçün və "Mançester Yuneyted" üçün nə deməkdir?
- Bu, çox böyük məna kəsb edir. Özünü ən yaxşılarla sınamaq deməkdir. Əvvəllər də demişəm, düşünürəm ki, bu, uzun bir dövrü əhatə edir. Bu futbol klubu ən yaxşılarla mübarizə aparmağa və ən yaxşı olmağa öyrəşib. Burada olmağın, həm də orada qalmağın nə demək olduğunu heç vaxt adi qarşılaya bilməzsən. Biz bir neçə il ÇL-dən kənarda qaldıq və indi geri qayıtmışıq. Ona görə də düşünürəm ki, bu, çox şey deməkdir.
- "Sabah" Çempionlar Liqasında debüt edir. Komandanı təhlil edərkən onların oyununun hansı cəhətləri sizə daha çox təsir etdi?
- Bəli, əvvəla, düşünürəm ki, "Sabah" çox yaxşı məşq keçmiş komandadır. Bunu olduqca aydın şəkildə görmək olar. Onların ideyaları, təkrarlana bilən prinsipləri var və həqiqətən də yaxşı cəhətləri mövcuddur. Düşünürəm ki, onlar son 12 ay ərzində xeyli sayda matçda qalib gəliblər. Buna görə də çox inamla oynayırlar. Onların oyun tərzindən, topu alıb meydanda irəliləmələrindən, yaxşı əlaqələrə malik olmalarından və komanda olaraq yaxşı pressinq etmələrindən bunu görmək olar. Ona görə də biz nə ilə üzləşdiyimizin və hansı çətinliklə qarşılaşacağımızın tam fərqindəyik.
- "Mançester Yunayted" 2011-ci ildə finalda oynadığınız vaxtdan bəri Çempionlar Liqasının 1/4 finalına cəmi iki dəfə yüksələ bilib. Sizcə, bu, hər mövsüm, ardıcıl olaraq bu turnirdə iştirak etməyin nə qədər vacib olduğunu vurğulayır?
- Bəli, dediyim kimi, düşünürəm ki, son illərdəki tariximizi başa düşəcək qədər təmkinli olmalıyıq. Bu, hər birimizin həqiqətən uğurlu olmaq istəyini və gözləntini azaltmır. Lakin yenə də reallığı dərk etməyin və buna balanslı baxmağın vacib olduğunu düşünürəm. Bircə onu deyə bilərəm ki, bizim üçün əhəmiyyət kəsb edən qarşıdakı məqsəddir.
- Heyət seçiminə necə yanaşacaqsınız?
- Bəli, burada həmişə balanslı baxış mövcuddur. Düşünürəm ki, məhz buna görə bizim heyətimiz var. Müəyyən oyunlara, müəyyən güclü tərəflərə, fərqli oyun üsullarına və müxtəlif şəraitlərə uyğunlaşmaq üçün bacardığımız qədər güclü heyətə sahib olmağa çalışırıq. Cümə axşamı oynayırıq, bazar günü oynayırıq, çərşənbə günü oynayırıq. Biz bunun üçün buradayıq. Söhbət komandanı idarə etməkdən və oynaya biləcək hər kəsə etibar etməkdən gedir.
- Bu turnir üçün əsas hədəf, gözlənti nədir? Nə qədər irəli getməyə ümid edirsiniz?
- Düşünürəm ki, "filan mərhələyə çatsaq uğurdur, çatmasaq uğursuzluqdur" kimi yanaşma doğru deyil. Komanda olaraq qarşılaşacağımız yeni sınağı qəbul etməli və bacardığımız qədər irəli getməliyik. Bu turnirdə həqiqətən də yaxşı işlər görməyə və irəliləməyə qadirik. Həmin mərhələyə çatanda isə nə olacağını görəcəyik. Hər şeyi addım-addım edirik. Bu, bəzi oyunçular üçün yeni təcrübədir.
- "Old Trafford" Çempionlar Liqası matçına ev sahibliyi etməsindən az qala 1000 gün ötür. Turnir "Mançester Yunayted" üçün nə qədər vacibdir?
- Bəli, bu, sehrli turnirdir. Bilirsiniz, hamımızın olmaq istədiyimiz yerdir. Kənarda qalanda ÇL-in nə qədər xüsusi olduğunu anlayırsan. İçində olanda isə maksimum yararlanmaq istəyirsən. İllər ərzində hamımız bu turnirdə bəzi xüsusi gecələr görmüşük və xüsusi hisslər yaşamışıq. Olmaq istədiyimiz yerdir, geri qayıtmaq istədiyimiz məkandır və özünü sınamaq, ən yaxşılarla mübarizə aparmaq üçün ən yaxşı turnirdir. Burada olduğumuz üçün məmnunuq, amma sadəcə bu hadisədən zövq almaq üçün burada deyilik. İşimizi görmək və bacardığımız qədər irəli getmək üçün buradayıq.





_1788970912.jpg)



_1788964028.jpg)



