"Fiorentina"nın sabiq baş məşqçisi Fabio Qrosso vəzifəsindən uzaqlaşdırılmamışdan əvvəl komandanın məşqlərini boykot etməklə hədələyib.

Matc.az xəbər verir ki, bu barədə "La Qazzetta dello Sport" nəşri məlumat yayıb.

Sentyabrın 7-də Qrosso mövsümə uğursuz start verdiyi üçün "Fiorentina"nın baş məşqçisi postundan qovulub. Komanda A Seriyasının 3 oyununda ümumi 1:9 hesabı ilə 3 məğlubiyyət alıb.

Məlum olub ki, istefa verilməsini Qrossonun özü təkid edib. Uğursuz starta baxmayaraq, klub rəhbərliyi vəziyyəti düzəltmək üçün məşqçiyə ən azı milli komandaların oyunları ilə bağlı oktyabr fasiləsinə qədər vaxt verməyi planlaşdırırdı.

Lakin bazar günü (6 sentyabr) axşam Qrosso ilə "Fiorentina"nın idman direktoru Fabio Paratiçi arasında mübahisə düşüb. Məşqçi komandanın idarəolunmaz olduğunu və ona inanmadığını bildirərək, klubu uğursuz transfer siyasətində ittiham edib.

Klubun ümumi dəyəri 130 milyon avro olan 13 yeni oyunçu transfer etməsinə baxmayaraq, Qrosso ötən mövsüm "Sassuolo"da birlikdə çalışdığı Domeniko Berardi və Arman Loryente kimi istədiyi profildəki vingerləri ala bilməyib.

Qrosso Paratiçiyə "Əgər mənə dəyər verirsənsə, məni qov" deyib və qovulmayacağı təqdirdə məşqləri boykot edəcəyi ilə hədələyib. Bununla bərabər, Qrosso öz istəyi ilə istefa ərizəsi yazmaqdan imtina edib, çünki qovulma müqabilində təzminat almaq istəyi olub.

Ertəsi gün "Fiorentina" buna baxmayaraq Qrossonu qovub, lakin indi klub məşqçinin peşəkar vəzifələrini kobud şəkildə pozması səbəbindən müqaviləyə xitam verilməsinə görə təzminat ödəməmək hüququnu məhkəmə qaydasında əldə etməyə çalışacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest