Beynəlxalq Futbol Federasiyası (FİFA) Avropa Futbol Assosiasiyaları İttifaqını (UEFA) FİFA rəhbərliyinə qarşı şər-böhtan kampaniyası aparmaqda ittiham edib.

Matc.az xəbər verir ki, bu barədə "The Athletic" portalı FİFA-nın bəyanatına istinadən məlumat yayıb.

Daha əvvəl jurnalist Rob Harris UEFA-nın FİFA prezidenti Canni İnfantinoya qarşı dünya çempionatının hüquqlarının bir hissəsini özəl investorlara satmaq cəhdlərinə görə cinayət təqibi başlatmağa hazırlaşdığını bildirmişdi.

"Bu sorğular başlıqları və iş nömrələri olan hüquqi sənədlər kimi rəsmiləşdirilsə də, onlar UEFA-nın FİFA və onun rəhbərliyinə qarşı şər-böhtan kampaniyasını dəstəkləyən press-relizlərdən başqa bir şey deyil", - deyə bəyanatda bildirilir.

İyul ayında məlum olub ki, İnfantino təşkilatın əsas kişi və qadın yarışlarına nəzarət edəcək şirkət yaratmaq istəyib. Onun fikrincə, "FIFA Forward Enterprise"ın yaradılması FİFA-ya üzv assosiasiyaların gəlirlərini artıracaq və bütün dünyada futbolun inkişafına töhfə verəcəkdi.

Beynəlxalq Futbol Federasiyasından bildirilib ki, bu sxem 4,2 milyard dollar cəlb edə bilərdi. Təşəbbüs funksionerlər, federasiyalar və digər təşkilatlar tərəfindən kütləvi şəkildə tənqid və pislənilib.

Xüsusilə, İnfantinonun təklifi Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA), Şimali, Mərkəzi Amerika və Karib hövzəsi Futbol Konfederasiyası (KONKAKAF), Asiya Futbol Konfederasiyası (AFC) və Cənubi Amerika Futbol Konfederasiyası (KONMEBOL) tərəfindən rədd edilib. Sonradan Afrika Futbol Konfederasiyası, Argentina Futbol Assosiasiyası və bir sıra digər milli federasiyalar İnfantinoya dəstək ifadə ediblər.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest