"Atletiko"nun yarımmüdafiəçisi Markos Lyorente İspaniya millisindəki karyerasını başa vurduğunu elan edib.
Matc.az xəbər verir ki, bu barədə futbolçu öz sosial şəbəkə hesablarında məlumat yayıb.
Bildirilir ki, 31 yaşlı oyunçu bu addımı hələ dünya çempionatından əvvəl planlaşdırdığını vurğulayıb. Onun bu qərarı ictimaiyyət üçün gözlənilməz olub, çünki Lyorente bu yaxınlarda Luis de la Fuentenin rəhbərliyi altında İspaniya yığması ilə birlikdə DÇ-2026-nın qalibi olub.
Təcrübəli yarımmüdafiəçi qərarını bu sözlərlə izah edib: "Bu, şəxsi, çox dərindən düşünülmüş və hər şeydən əvvəl tamamilə ürəkdən gələn bir qərar idi".
Lyorente İspaniyanın əsas komandasında debütünü 2020-ci ildə Luis Enrikenin rəhbərliyi altında edib. 6 il ərzində o, "Furiya Roxa"nın heyətində 27 matçda meydana çıxıb. Futbolçu yığma ilə AVRO-2020, həmçinin 2022 və 2026-cı illərin dünya çempionatlarında iştirak edib.
Bununla belə, futbolçu klub karyerasını bitirməyi hələ planlaşdırmır. O, 2027-ci ilin yayına qədər müqavilə ilə bağlı olduğu "Atletiko"da çıxışını davam etdirir. Lyorente daha əvvəl Madrid klubunda hazırkı müqavilə müddəti bitdikdən sonra da qalmaq istədiyini gizlətməyib.












